01 mart 2022 23:57
977

Qeyri-neft ixracında artım: Qiymət amili öz sözünü deyir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı” nın fevral sayına əsasən, bu ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,2 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və meşə fındığı (16,9 milyon ABŞ dolları) üçüncü olub. Ötən ilin yanvar ayı ilə müqayisədə qeyri-neft məhsullarının ilk üçlüyündə dəyişiklik olmayıb. Lakin hər üç məhsulun ixracının dəyərində artım qeydə alınıb. Bu məhsulların dəyəri ümumi qeyri-neft ixracının 24 faizinə bərabərdir. Qeyd edək ki, 2021-ci ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olmuşdu.

İxracın artmasında fiziki çəki ilə bərabər, qiymət amilinin də rolu az deyil. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar ayında 10 min  412,21 ton pambıq mahlıcı ixrac olunub ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə cəmi 0,2 faiz çoxdur. Lakin buna baxmayaraq, ixracın dəyərinin 55 faizdən çox artması bu məhsulun qiymətinin əhəmiyyətli dərəcədə artmasından xəbər verir.

Hesabat dövründə,  eyni zamanda, 2 min 785.94 ton meşə fındığı ixrac edilib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 70 faiz çoxdur. Hərçənd ki, meşə fındığının ixracının dəyəri 59 faiz artıb. Bu amil bir il əvvəllə müqayisədə cari ilin yanvar ayında meşə fındığının ixrac qiymətinin endiyini deməyə əsas verir. Belə ki, ötən ilin yanvarında bu məhsulun bir kiloqramının ixracı 6,4 ABŞ dolları olmuşdusa, cari ilin eyni ayında bu rəqəm 5,8 dollara enib. Həmçinin xurma ixracı 22 min 840,66 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,5 faiz çoxdur. Bu məhsulun ixracının dəyərinin 2,4 faiz artmasını nəzərə alanda burada da  qiymət amili öz sözünü deyir.

Bundan başqa, 2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları və ya 42 faiz artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. İxracın həcminə gəlincə, bu, 43 min 805,93 ton olub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 27,3 faiz çoxdur.

Müvafiq dövr ərzində, həmçinin  kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5 faiz, pambıq iplik ixracı 34,5 faiz, şəkər ixracı 24,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 10,2 faiz artıb. Hərçənd ki, alüminium və ondan hazırlanan məmulatların ixracının fiziki çəkisi 9,1 faiz artıb,  pambıq iplik ixracı 26 faiz, şəkər ixracı 9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 faiz azalıb.

Başqa sözlə, qiymət artımı ixracın dəyərinin artmasını şərtləndirməkdə davam edir. Rəsmi statistikaya görə, 2021-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilə nisbətən faktiki qiymətlərlə 47,2 faiz, real ifadədə isə 38,4 faiz artaraq 2713,4 milyon dollar təşkil edib. Ümumilikdə isə ötən il ixrac 2020-ci ilə nisbətən  51,4 faiz bahalaşıb.

Ceyhun Piriyev, “İki sahil”