01 mart 2022 21:59
1155

Paytaxtın ticarət dövriyyəsi 5,3 faiz artıb

Bakı şəhərində 2022-ci ilin yanvar ayında sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 5,5 milyard manat təşkil edib. Sənaye məhsulunun 84,2 faizi mədənçıxarma, 13,6 faizi emal, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun  payı 90,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5 faiz təşkil  edib.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2022-ci il vəziyyətinə 349,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 124,2 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Bu dövrdə paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,6 faizini əsaslı təmir, 4,4 faizini cari təmir, 27 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.    

2022-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar ayı ilə müqayisədə 5,3 faiz artaraq 2 milyard 68,3 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 39,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 11 faiz artaraq 1 milyard 28,8 milyon manata bərabər olub. İstehlak məhsullarının 36 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 43,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi  2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,1 dəfə  artaraq 47,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 41,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 86,6 faizini təşkil edib.

Yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 364 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 267,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,5 faizini təşkil edib.

Əməkhaqqına gəlincə, 2021-ci ilin yanvar-dekabr aylarında paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 948,9 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi