İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Rəqabət Məcəlləsi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, Mərkəzi Bank və digər aidiyyəti qurumlarla razılaşdırılıb. Söhbət Milli Məclisdə 2006-cı ildə birinci oxunuşdan, 2007-ci ildə isə layihə bir sıra dəyişikliklərdən sonra ikinci oxunuşdan keçsə də 3-cü oxunuşa çıxarılmayan sənəddən gedir.
Bəs Rəqabət Məcəlləsi nəyə görə vacibdir və onun iqtisadiyyata hansı təsirləri ola bilər?
İndiyədək bu barədə deyilən fikirlərdən bu nəticəyə gəlmək olur ki, inhisarçılıq olan sahədə rəqabət olmur.Rəqabət olmayan yerdə isə bazar iqtisadiyyatından və qiymətlərin düzgün tənzimlənməsindən söhbət gedə bilməz. Əgər rəqabət olsa qiymətlər öz yerini tapacaq. Bu baxımdan Məcəllənin iqtisadiyyatda rəqabəti artırmaqla qiymət siyasətinə təsir edəcəyi gözlənilir. Belə ki,sənədin özündə inhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması, tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmlərini ehtiva edəcəyi nəzərdə tutulur.
M.Abbasbəyli hələ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini olduğu dövrdə demişdi ki, sənəddə ölkədə rəqabət mühitinin pozulması ilə bağlı böyük cərimələr, maliyyə sanksiyaları nəzərdə tutulub: “Çünki hansısa şirkət rəqabəti pozmaqla böyük gəlir əldə edə bilər. Bu halda ona kiçik cərimə tətbiq edilərsə, pozuntu halları davam edəcək”.
Rəqabət Məcəlləsini tez-tez gündəmə gətirən Milli Məclisin deputatı Vahid Əhmədovun qənaətinə görə, indiki zamanda, yəni, qiymət artımı olduğu bir dövrdə bu sənədin qəbul edilməsi Azərbaycanın daxili bazarına təsirini göstərəcək.
Ancaq Rəqabət Məcəlləsi ilə bağlı fərqli fikirlər də var. Hesab edilir ki, bu sənədin qəbuluna qədər atılmalı olan bir sıra addımlar var. Bu addımlar olmadan Məcəllənin qəbulunun heç bir əhəmiyyəti olmayacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bir müddət əvvəl jurnalistlərə deyib ki, Rəqabət Məcəlləsini qəbul etmək üçün zəruri şərait tam formalaşdırılmalıdır. "Azərbaycanda rəqabətin inkişaf etdirilməsi ilə bağlı dövlət ardıcıl addımlar atır. Belə bir yanlış təsəvvür var ki, Rəqabət Məcəlləsini qəbul edən kimi ədalətli rəqabət ölkədə tam təmin olunacaq. Bu cür yanaşma düzgün deyil. Məcəllinin qəbuluna qədər bir sıra atılacaq addımlar var. Onlarsız Məcəllənin qəbulu effekt verməyəcək. Bu səbəbdən ilk növbədə, zəruri şərait tam formalaşdırılmalı, alt qanunlar qəbul olunmalı və yaxud da təkmilləşdirilməlidir”, - deyə o, qeyd edib.
M.Abbasbəyli bildirib ki, Məcəllənin qəbul edilmə prosesi artıq son mərhələdədir. O, ümid edir ki, mart ayının birinci yarısında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin müzakirəsi aparılacaq.
Ceyhun Piriyev, “İki sahil”