Məlum gərginlik fonunda rublun dəyərdən düşməsinin Azərbaycana təsirlərindən bəhs etdikdə çoxlarının ağlına, ilk növbədə, Rusiyadan ölkəmizə idxal olunan məhsulların ucuzlaşması gəlir. Məsələyə nəzəri cəhətdən yanaşdıqda, bu fikirlə razılaşmamaq mümkün deyil. Bəs reallıqlar bu barədə nə deyir?
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycana ən çox idxal bu ölkədən həyata keçirilir. Ötən il qonşu ölkədən idxalın dəyəri 2 milyard 74,311 milyon ABŞ dollarına bərabər olub ki, bu da ümumi idxalın 17,72 faizini təşkil edib. Bu ölkə Azərbaycanın ərzaqla bərabər, qeyri-ərzaq məhsullarının idxalında əhəmiyyətli mövqeyə malikdir. Təkcə 2020-ci ildə ölkəmizə idxal olunmuş buğdanın 99 faizi, marqarin və qida üçün yararlı digər qarışıqların 76 faizi, xam şəkər və şəkərin 45,2 faizi, şəkərdən hazırlanan qənnadı məhsullarının 43,6 faizi bitki yağlarının 38,3 faizi, kartofun 43,5 faizi, mineral və qazlı suların 39,5 faizi, təzə tərəvəzin 38 faizi, təzə və dondurulmuş balığın 31,4 faizi Rusiyanın payına düşüb. Həmçinin qeyri-ərzaq məhsullarının, o cümlədən tikinti materiallarının idxalında da bu ölkə əhəmiyyətli yerə malik olub. Bir sözlə, rublun dəyər itirməsi bir çox məhsulların qiymətinin aşağı enməsinə imkan yarada bilər.
Lakin rublun məzənnəsindəki enmənin idxalı ucuzlaşdırmayacağı kimi fikirlər də az deyil və özünəməxsus əsaslandırmaya malikdir. İqtisadçı Elman Sadıqov deyir ki, “Rusiyadan idxal ucuzlaşacaq” fikri heç də bütün məhsullara aid deyil. Onun sözlərinə görə, Rusiya strateji əhəmiyyətli məhsulların ixracına limit və ya qadağa tətbiq edə bilər. Həmçinin istehsalı dayandırılacaq və ya azalacaq məhsulların qıtlığı və nəticədə ixracının azalması qiymətləri artıra bilər. Bundan başqa, Azərbaycanda lirənin ucuzlaşması təcrübəsi var. Belə ki, bir müddət əvvəl Türkiyənin milli valyutasının sürətlə dəyərdən düşməsi fonunda bu ölkədən idxal olunan məhsulların pərakəndə qiymətinin enəcəyini gözləyən olsa da bu, baş vermədi. Ancaq görünən odur ki, idxalçılar lirənin ucuzlaşmasından xeyli bəhrələniblər. Belə ki, pandemiyanın davam etdiyi ötən il Türkiyədən idxalın dəyəri 2020-ci illə müqayisədə 18 faiz, 2019-cu illə müqayisədə isə 12 faiz artıb. Baxmayaraq ki, 2021-ci ildə Azərbaycanın idxalı 2020-ci ilə nisbətən 9,1 faiz artsa da 2019-cu illə nisbətən 14,4 faiz azalıb.
Bu mənada məsələnin nəzəri cəhətinin əksinə olsa belə rublun ucuzlaşması heç də Rusiyadan idxal olunan məhsulların ucuzlaşacağı demək deyil. Həmçinin milli valyutanın ucuzlaşması Rusiyada idxal inflyasiyasını, daha sonra istehsal olunan əmtəələrin qiymətlərinin inflyasiyasını labüd edir. Bu da Rusiyadan idxalın gözlənilənin əksi olaraq bahalaşacağı ilə bağlı ehtimalları artırır. Digər tərəfdən, bu ölkəyə müxtəlif istiqamətlərdə tətbiq edilən qadağalar idxalı çətinləşdirə bilər.
Ceyhun Piriyev, “İki sahil”