Bu gün Kitab Mərkəzində Şərqi Avropanın və Latviya Respublikasının ilk qadın Prezidenti, xanım Vayra Vike-Freyberqanın Nizami Gəncəvinin "Yeddi Gözəli" və ədəbiyyatdan digər esselər kitabının təqdimatı baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə Latviya Respublikasının səfiri Dainis Garancs, Azərbaycan Respublikasının Millət vəkili Qənirə Paşayeva, Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa və digərləri iştirak edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm-sədri xanım Vayra Vike-Freyberga tədbirə onlayn şəkildə qoşulub. O öz çıxışında Nizami Gəncəvinin dünya ədəbiyyatında tutduğu yerdən danışıb. Xanım Vayra şairin irsindən bəhs edən kitabların nəşrinin önəmini vurğulayıb: "Kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Kitabın təqdimat mərasiminin təşkilinə görə, Latviya Səfirliyinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinə həsr olunan kitabın çap olunması çox önəmlidir".
Sonra Nizami Gəncəvi haqqında video nümayiş olunub.
Qeyd edək ki, kitab təqdimatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.