20 mart 2022 16:45
697

Güclü külək Gəncədə müəyyən fəsadlar törədib

Son günlər hava şəraitinin kəskin pisləşməsi fonunda Gəncə şəhərində əsən güclü külək müəyyən fəsadlar törədib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, güclü küləyin təsirindən Gəncə şəhəri, Vaqif Qəmərli kuçəsində yerləşən fərdi yaşayış evinin talvarının uçaraq mənzilə giriş-çıxışın məhdudlaşması və ətraf üçün təhlükə yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə qeyd olunan fərdi yaşayış evinə giriş-çıxışı bərpa edərək təhlükəni aradan qaldırıblar.

Bundan başqa, Gəncə şəhəri, Gülüstan yaşayış massivində beşmərtəbəli, 6 blokdan ibarət yaşayış binasının dam örtüyünün bir hissəsinin dağılaraq yerə tökülməsi nəticəsində yaranmış təhlükə ilə əlaqədar əraziyə cəlb olunmuş Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.