29 mart 2022 01:18
833

Mərkəzi Bank uçot dərəcəsini artırmaqda davam edir: Nə dəyişəcək?

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz-bənd artırılıb. Bununla da uçot dərəcəsi 7,5 faizdən 7,75 faizə, faiz dəhlizinin aşağı həddi 6 faizdən 6,25 faizə, yuxarı həddi isə 9 faizdən 9,25 faizə yüksəldilib.

AMB-nin açıqlamasında bildirilib ki, ötən toplantıdan bəri ölkədə illik inflyasiya tempi azalsa da geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artırıb. Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəldib.

Vurğulanıb ki, yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir. Bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.

Bundan başqa, 2022-ci ilin ilk 2 ayında milli valyutada müddətli əmanətlərin kredit portfelindən (2,8 faiz) daha yüksək templə (3,8 faiz) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir. Fevral ayında illik inflyasiya 11,9 faiz təşkil etdiyi halda bankların manatla yeni cəlb etdikləri depozit və əmanətlərin orta faizi 8,53, verdikləri kreditlərin orta faizi isə 16,49 olub.

AMB bəyan edib ki, inflyasiyanın yüksəlməsində başlıca risk geosiyasi və geoiqtisadi gərginliyin daha da artmasıdır. Bu da dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin daha uzun müddətə yüksəlməsinə, təchizat zəncirində problemlərin daha da dərinləşməsinə və dünyada ərzaq qıtlığının yaranmasına səbəb ola bilər. İxraca məhdudiyyətlər, logistika və hesablaşma problemləri üzündən bəzi əsas ticarət tərəfdaşlarından idxalın çətinləşməsi və bahalaşması daha bahalı idxalla əvəzlənməni zərurətə çevirə bilər. Bütün bunlar Azərbaycana yüksək inflyasiya idxalının davam etməsi riskini yaradır. Qeyd edilib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcək.

AMB  2021-ci ilin sentyabr ayından başlayaraq uçot dərəcəsini artırmağa başlayıb. Buna qədər faiz dərəcəsi 6,25 idi.

Uçot dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını pul kütləsi ilə təmin edərkən tətbiq etdiyi faiz dərəcəsidir. Sadə dillə desək, mərkəzi banklar kommersiya bankları və digər maliyyə təşkilatlarına uçot dərəcəsinə uyğun kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. Bu da onu deməyə əsas verir ki, uçot dərəcəsi azaldığı halda bankların kredit faizləri endiyi kimi, artdıqca da faizlər yüksəlir. Nəticədə faiz dərəcəsini artırmaqla inflyasiyanı azaltmağa, faizləri aşağı salmaqla deflyasiyanı aradan qaldırmağa nail olunur. Faiz dəhlizi isə mərkəzi Bankın çərçivə alətlərinin (notlar, REPO əməliyyatı, depozitlərin cəlbi və s.) tətbiqi vasitəsilə strelizasiya əməliyyatları və vəsaitlərin yerləşdirilməsi üçün istifadə olunur.

Ancaq ölkəmizdə bankların vəsaitlərində AMB-nin kreditlərinin payı kiçik olduğundan uçot dərəcəsindəki dəyişikliyin kredit və əmanət faizlərinə ciddi təsir etdiyini demək çətindir. Bu baxımdan mövcud iqtisadi reallıqda faiz dəhlizinin parametrlərinin  0,25 faiz-bənd yüksəldilməsi kredit və əmanət faizlərinə ciddi təsir etməsə də AMB-nin açıq bazar əməliyyatlarının və Maliyyə Nazirliyinin istiqrazlarının gəlirliliyini artıracaq.

Ceyhun Piriyev, “İki sahil”