30 mart 2022 00:14
697

Əhalinin əmanətləri: Banklarda vəziyyət necədir?

Əhalinin banklarda olan əmanətləri cari ilin mart ayının 1-nə olan məlumata görə, 10 milyard 36,7 milyon manat təşkil edib.  Bununla da əhalinin əmanətləri bir ay əvvəllə müqayisədə 400,9 milyon manat və ya 4,2 faiz artıb. Əmanətlərin 5 milyard 426,5 milyon manatını və ya 54 faizini müddətli, 4 milyard 443,2 milyon manatını  və ya 44,3 faizini  tələbli əmanətlər, 166,9 milyon manatını və ya 1,7 faizini isə sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri təşkil edib.

Mərkəzi Bankın məlumatlarına nəzər salanda məlum olur ki, əmanətlərin strukturunda ən böyük pay müddətli əmanətlərə aid olsa da ümumi artım tələbli əmanətlərin hesabına baş verib. Belə ki, 2022-ci ilin fevral ayında müddətli əmanətlər 35,1 milyon manat, tələbli əmanətlər isə 377,7 milyon manat artıb, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 12 milyon manat azalıb.

Digər tərəfdən, müddətli əmanətlərin artım tempi də azalıb. 2022-ci ilin yanvarında müddətli əmanətlərdə 52,4 milyon manat artım olmuşdu. Tələbli əmanətlərin artım tempində isə əksinə, yüksəliş qeydə alınıb. Yanvarda belə əmanətlərdə 372,5 milyon manat artım olmuşdu. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərində isə azalma tempi səngiyib. Belə ki, yanvarda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 30,1 milyon manat azalmışdı. 

Müddətli əmanətlər müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə əmanətçi əksər hallarda faizlərin bir hissəsindən məhrum olur. Tələbli əmanətlərdə isə müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlər üçün faiz ya çox aşağı olur, ya da ki, ümumiyyətlə onlara faiz hesablanmır.

Ümumilikdə isə mart ayının 1-i tarixinə banklardakı əmanətlərin 76,6 faizi qısamüddətli olub. Müddəti 6 ayadək olan belə əmanətlərin məbləği bir ay əvvəllə müqayisədə 408 milyon manat və ya 5,6 faiz artıb. Uzunmüddətli əmanətlərdə isə 7,1 milyon manat və ya 0,3 faiz azalma qeydə alınıb. Uzunmüddətli əmanətlərin 44,4 faizi xarici valyutadadır.     

Azalmanın səbəbi illik inflyasiya göstəricisinin bank əmanətlərinin faizlərini üstələməsi ilə izah oluna bilər. Belə ki, fevralda illik inflyasiya 12,2 faiz olsa da, bankların yeni cəlb edilmiş əmanətlər üzrə orta faiz dərəcələri manatla 8,53 faiz, xarici valyutada isə 1,4 faiz təşkil edib. Bu da o deməkdir ki, depozit və əmanətlərin real faiz dərəcəsi mənfidir. Real faiz nominal faiz dərəcəsinin və inflyasiyanın  fərqinə bərabərdir (real  faiz dərəcəsi = nominal faiz dərəcəsi – inflyasiya). Bu mənada inflyasiya göstəricisi depozit və əmanətlərin nominal faiz dərəcəsini üstələdiyindən real faiz mənfi olmaqla milli valyutadakı depozit və əmanətlər üzrə gəlirlər inflyasiyanın “yeminə” çevrilir. 

Əmanətlərin faizlərinin aşağı olmasının, o cümlədən inflyasiyadan geri qalmasının səbəbi bir çox hallarda onların kreditlərdən daha yüksək tempdə artması ilə izah edilir. Lakin fevral ayında bankların kredit portfelinin 2,1 faiz  və ya 345,1 milyon manat  artmasına baxmayaraq  depozit portfelində əhəmiyyətli dəyişiklik olmayıb (0,4 faiz və ya 101,5 milyon manat artım). Bu da onu deməyə imkan verir ki, mövcud vəziyyətdə depozit portfelinin minimum səviyyədə, əsasən də  kreditləşmədə geniş istifadə edilməyən tələbli əmanətlərin artması hesabına böyüməsi kreditləşmədə əngəl yarada bilər.

Ceyhun Piriyev, “İki sahil”