31 mart 2022 01:14
569

Paytaxtda çalışanların əməkhaqları 8,2 faiz artıb

2022-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  11,2 milyard manat təşkil edib. Sənaye məhsulunun 84,3 faizi mədənçıxarma, 13,2  faizi emal, 1,9  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun  payı 90,0 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  94,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,3 faiz təşkil  edib.                                          

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  1 mart  2022-ci il vəziyyətinə 368,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,4 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Paytaxtda Yanvar-fevral aylarında, həmçinin tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,2 faizini əsaslı təmir, 4,6 faizini cari təmir, 23,6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər. 

Hesabat dövründə Bakı şəhərinin ticarət dövriyyəsi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 989,1 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 2 milyard 52,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2 faiz artaraq 1 milyard 936,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bu dövrdə paytaxtın ictimai iaşə dövriyyəsi isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 88,2 faiz artaraq 96,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 80,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 83,9 faizini təşkil edib.

2022-ci ilin yanvar-fevral aylarında, eyni zamanda, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 761,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 640,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,1 faizini təşkil edib.

Bakı şəhərində çalışanların əməkhaqlarına gəlincə, 2022-ci ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 974,7 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi