30 mart 2022 23:46
780

Antiinflyasiya tədbirləri davam etdirilir: Təsiri varmı?

Xəbər verildiyi kimi, martın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Müşavirədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Gücləndirilmiş antiinflyasiya tədbirlərinin tərkib hissəsi olan belə addımlara cari ilin yanvar ayından başlanılıb. Belə ki, yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Müşavirədə əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğu nəzərə alınaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsinin daim diqqət mərkəzində olmasının vacibliyi qeyd edilmişdi. Xüsusilə vurğulanmışdı ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir. Nəticədə müşavirədə çevik və kompleks antiinflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verə biləcəyi qənaətinə gəlinmişdi. Eyni zamanda, fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olmuşdu. İclasda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə edilmişdi. Bundan başqa, Baş nazir fevralın 21-də  "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb.

Ancaq son bir ayda baş verənlər onu göstərir ki, dünyada nəinki qiymət artımı, müəyyən məhsulların ümumiyyətlə təchizatında problemlər yaranmaqdadır. Belə ki, qlobal iqlim dəyişikliklərinə geosiyasi proseslərin də əlavə olunması ərzaq məhsullarının qiymətlərində davamlı artımla bərabər, logistika-təchizat zəncirində problemlər yaradır. 

Son bir ayı nəzərə almasaq, 2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12,2 faiz inflyasiya qeydə alınıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə bu göstərici 17,2 faiz təşkil edib. Təkcə fevral ayında inflyasiya əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən  isə 11,9 faiz olub. Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən  2,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən isə 17,2 faiz bahalaşıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) isə bəyan edib ki, Ukraynadakı hadisələr nəticəsində qlobal təklifin azalması ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 faiz aralığında artmasına səbəb ola bilər. FAO-nun mütəxəssislərin proqnozlarına görə, münaqişə səbəbindən Ukraynada qış məhsullarının 20-30 faizə qədəri biçilməmiş qala bilər. Həmçinin yazlıq əkin kampaniyasının keçirilməsi ehtimalı ilə bağlı da ciddi qeyri-müəyyənlik var. Rusiyada qış bitkilərinə ciddi ziyan dəyməsə də, tətbiq edilən sanksiyalara görə onların ixracında qeyri-müəyyənliklər mövcuddur. İxrac bazarlarının itkisi isə fermerlərin gəlirlərinin azalması deməkdir ki,  bu da gələcək əkin qərarlarına mənfi təsir göstərə bilər.

Qurum, həmçinin bəyan edib ki, sanksiyalar Rusiyanın idxaldan asılılıq səviyyəsinin yüksək olduğu pestisidlərin və toxumların əldə etməsinə əngəl törədə bilər. Bu isə əkin sahələrinin, məhsuldarlığın və keyfiyyətin azalması ehtimalları yaradır. Bütün bunlar Rusiyanın kənd təsərrüfatı sektorunu və qlobal ərzaq təchizatını ciddi risklərlə üz-üzə qoyur.

FAO-nun məlumatına görə, 2016-2017-ci və 2020-2021-ci illəri əhatə edən kənd təsərrüfatı mövsümündə qlobal arpa istehsalının 19 faizi, buğdanın 14 faizi, qarğıdalının isə 4 faizi Rusiya və Ukraynanın payına düşüb. Günəbaxan yağı istehsalının isə yarıdan çoxu bu ölkələrin payına düşür. Bu yağın qlobal ixrac bazarında hər iki ölkənin payı 63 faizə yaxındır.

Lakin maraqlı məqamlardan biri də budur ki, cari ilin yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə Rusiyanın Azərbaycanın buğda idxalı bazarındakı payı əhəmiyyətli dərəcədə  (37,1 faiz-bənd) azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında Azərbaycana buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunub. Ötən il ərzində ölkədə buğda idxalında Rusiyanın payı  95,3 faiz təşkil etmişdi.

Ceyhun Piriyev, “İki sahil”