Azərbaycan iqtisadiyyatında qeydə alınan göstəricilər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir və artımın davamlı xarakter daşıyacağına dair proqnozları artırır
Qərbin təşəbbüsü ilə Moskvaya qarşı tətbiq edilən sanksiyalar bütün dünyada iqtisadi əlaqələrdə balanssızlığa gətirib çıxarıb. Rusiyadan avrozona ölkələrinə enerji daşıyıcılarının idxalı təxminən 22 faiz təşkil edir və onu dərhal digər ölkələrdən tədarüklə əvəz etmək mümkün deyil. Enerji daşıyıcılarının qiymətinin qalxması isə əsasən geosiyasi gərginliyin nəticəsidir və belə gərginliyin nəticələrini proqnozlaşdırmaq asan deyil. Bu fikirləri Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Kiprin “Fileleftheros” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkənin Rusiya enerjisindən asılılığının azaldılması uzun prosesdir. Bank rəhbəri bildirib ki, AMB-nin son proqnozları mövcud vəziyyətlə bağlı yüksək dərəcədə qeyri-müəyyənlik səbəbindən ən mənfi ssenariləri əhatə edir. Kristin Laqard da hesab edir ki, avrozonada inflyasiya qısa müddət ərzində sürətlənəcək və Ukrayna böhranı səbəbindən iqtisadi artım yavaşlayacaq. Baza proqnoz ssenarisinə görə, avrozona iqtisadiyyatı bu il cəmi 3,7 faiz, 2023-cü ildə isə 2,8 faiz artacaq. Ən pis ssenariyə görə, 2022-ci ildə artım templəri azalaraq 2,3 faizə çata bilər.
Hazırda dünya iqtisadiyyatında yaranan problemlərin mənfi təsirlərini minimal həddə endirməyi və inkişaf dinamikasını sürətləndirməyi bacaran ölkələr də var və onlardan biri də Azərbaycandır. Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrini uğurla inkişaf etdirir. Belə bir vaxtda dünya bazarlarında neft və qaz qiymətlərinin yüksək olması da Azərbaycan iqtisadiyyatında artım templərinin daha dinamik xarakter almasına ciddi təsir göstərir. Hazırda Azərbaycan neftinin bir barrelinin satış qiyməti dünya bazarlarında 110 dollardan yüksəkdir. Azərbaycan dövlət büdcəsində bir barrel nefin qiyməti 50 dollardan hesablanıb. Mövcud qiymətlər neft satışından Azərbaycanın nəzərdə tutulduğundan daha çox gəlir əldə edəcəyini göstərir. Təbii qazın qiymətində də ciddi artım qeydə alınır. Bu gün Azərbaycandan qaz idxal edən Avropada “mavi yanacağın” 1000 kubmetri 1200 dollardan baha satılır. Özü də Avropa Azərbaycandan daha çox qaz almaq üçün səylərini artırır. Avstriyanın enerji tənzimləyicisi olan “E-Control” şirkətinin rəhbəri Volfqanq Urbançiç bildirir ki, Avropa Azərbaycan, Norveç və ya Əlcəzair kimi qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələrin bağlanmasına nail olmalıdır: “Əsas məqsəd qaz anbarlarının doldurulması olmalıdır ki, gələn qış üçün kifayət qədər yanacaq olsun. Avstriyada qazdan bir milyon ev təsərrüfatını isitmək, həmçinin elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunur. Əsas məqsəd enerji mənbələrinin işlək vəziyyətdə saxlanmasıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər”.
Neft və qaz satışından əldə edilən gəlirlərin dinamik artımı, qeyri-neft sektoru üzrə ixracdan ölkəyə daxil olan vəsaitin getdikcə çoxalması Azərbaycanın valyuta ehtiyatlarını artırmaqla yanaşı, ölkəmizə əlavə imkanlar qazandırmaqdadır. Bu kontekstdə iqtisadiyyatda müxtəlif sahələrə dövlət tərəfindən yatırılan investisiyaların həcmində artımlar olması da istisnalıq təşkil etmir. Nəticə etibarı ilə bu halda iqtisadi artım templərinin ilin sonuna kimi proqnozlardan daha artıq olması gözlənilir. Nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumları da Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarında müsbətə doğru yeni dəyişiklər edirlər. Məsələn, Britaniyanın “Deloitte” şirkətinin hesabatında bildirilir ki, bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının həcminin 102 milyard manata çatması gözlənilir. Sənədə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımın 4,2 faiz səviyyəsində reallaşması gözlənilir: “İqtisadiyyatın canlanması 2021-ci ilin ikinci yarısından sürətlənib. 2022-2026-cı illərdə Azərbaycanda iqtisadi böyümə davamlı özəl istehlakın və investisiya artımı hesabına olacaq”. “Deloitte”un hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım 3,3 faiz, 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 2,9 faiz səviyyəsində reallaşacağı, ÜDM istehsalının isə müvafiq olaraq 111,6 milyard manata, 121,6 milyard manata və 133,7 milyard manata çatması gözlənilir. Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 faiz, 2023-cü il üçün 5,1 faiz səviyyəsində proqnozlaşdırır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 faiz çox ÜDM istehsal olunub. Bu il isə göstərici daha yüksək olacaq. Azərbaycan iqtisadiyyatında qeydə alınan dinamika digər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir və artımın davamlı xarakter daşıyacağına dair proqnozlar səsləndirilir.
Sevinc Azadi, “İki sahil”