Türkiyənin 2022-ci ilin fevral ayında ixracı ötən ilin eyni ayı ilə müqayisədə 25,4% artaraq 20,4 mlrd. ABŞ dollara, idxalı isə 44,5% artaraq 27,855 mlrd. dollara çatıb.
"İki sahil" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) və Türkiyə Ticarət Nazirliyinin hesabatlarında bildirilir.
Qeyd olunur ki, fevralda xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 135,5% artaraq 3,347 mlrd. dollardan 7,881 mlrd. dollara yüksəlib. Əgər 2021-ci ilin fevral ayında ixrac və idxalın nisbəti 82,7% idisə, ötən ay bu, 71,7%-ə enib.
Enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla ixrac fevral ayında 25,5% artaraq 15,246 mlrd. dollardan 19,13 mlrd. dollara yüksəlib.
Fevralda enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla idxal 26,8% - 15,523 mlrd. dollardan 19,690 mlrd. dollara qədər artıb.
Fevralda enerji resursları və qeyri-monetar qızıl nəzərə alınmadan xarici ticarətin kəsiri 560 mln. dollar təşkil edib.