Mərkəzi Bankın açıqladığı məlumata görə, bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandakı 20 sığorta şirkətinin topladığı sığorta haqları 11,1 faiz artaraq 178 milyon 307 min manata yüksəlib. Könüllü sığorta növləri üzrə yığım 21,6 faiz artaraq 143 milyon 136 min manat, icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 17,6 faiz azalaraq 35 milyon 171 min manat olub.
Sığorta haqlarında artıma baxmayaraq ödənişlərdə kəskin azalma qeydə alınıb. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 38 milyon 936 min manat təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə azdır. Sadə dildə desək, yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 21,8 manatı ödəniş edilib. Hərçənd ki, ötən ilin eyni dövründə bu göstərici 62,4 manat təşkil etmişdi. Könüllü sığorta növləri üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-fevral aylarında 57 manat olmuşdu. İcbari sığorta növləri üzrə isə hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 77,4 manatdan 41,15 manata enib.
Sığorta haqlarından fərqli olaraq ödənişlərdə hər iki seqmentdə həm könüllü, həm də icbari sığorta üzrə azalma olub.Könüllü sığorta növləri üzrə ödənişlər 2,7 dəfədən çox azalaraq 24 milyon 463,3 min manat enib.Həyat sığortası ilə bərabər, əksər qeyri-həyat sığorta növləri üzrə ödənişlər azalmaya məruz qalıb.
İcbari sığorta növlərində isə 2,3 dəfə azalma olub. Burada ən böyük azalma “digər icbari sığorta növləri” adlanan bölmə üzrə qeydə alınıb- 52 dəfəyə yaxın. Həmçinin daşınmaz əmlakın icbari sığorta növü üzrə yığımlarında 1,4 dəfə artıma baxmayaraq ödənişlərdə 2,8 faiz azalma olub. Sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları vəsaitin cəmi 1,15 faizi məbləğində sığorta ödənişi ediblər. Şirkətləri ən çox “cəriməyə salan” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü olub. Cari ilin 2 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə ödənişlər 34,9 faiz artmaqla icbari sığorta üzrə ödənişlərin 91,4 faizini təşkil edib.
Ceyhun Piriyev, “İki sahil”