02 aprel 2022 10:40
1158

“Bərabərik”in üçüncü mövsümü başlayır

"Bərabərik" televiziya verilişinin üçüncü mövsümünə start verilib. Bu mövsüm ilk verilişinin səhnə duetini xalq artisti Gülyanaq Məmmədova və DOST İnküziv inkişaf və Yaradıcılıq Mərkəzin benefisiarı Yasər Əzizov təqdim edib. İkinci verilişdə isə Əməkdar artist Zaur Əmiraslanov və onun duet ortağı fiziki məhdudiyyətli, lakin istedadı olan Dəyanət Məmmədovun ifası televizya tamaşaçılarına təqdim ediləcək.

“İki sahil” xəbər verir ki, məlumat üçün bildirək ki, hər bir ifa canlıdır və fonoqramdan istifadə olunmur. Layihə iştirakçılarının hər biri üçün səsyazma studiyalarında peşəkar musiqiçilərdən ibarət ansambl ilə davamlı olaraq məşqlərinə şərait yaradılır.

Proqram çərçivəsində hər bir iştirakçının həyat hekayəsi, onların ifa etdikləri mahnıların tarixçəsi barədə süjetlər hazırlanaraq tamaşaçılara təqdim edilir.

İstedad sərhəd tanımır. Əlillik qüsur deyil və yaratmağa, özünü inkişaf etdirməyə maneə ola bilməz. Layihənin məqsədi Azərbaycan cəmiyyətində istedadı olan hər kəsə bacarığını nümayiş etdirmək üçün fürsət yaratmaqdır. Gənclər burda topladıqları təcrübə sayəsində gələcəkdə peşəkar səhnədə sərbəst çıxış etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, 2020-ci ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və təşviqatı məqsədi ilə "Qəlbin nəğməsi" adlı musiqili albomu hazırlanıb. Albomda görmə, hərəkət və əqli məhdudiyyətli şəxslər, Qarabağ müharibəsi əlilləri ilə yanaşı, tanınmış müğənnilərin də ifaları yer alıb. Elə həmin ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə MTV Azərbaycan kanalının birgə əməkdaşlığı çərçivəsində "Bərabərik" telelayihəsi ərsəyə gətirilib. Silsilə verilişlərdə tanınmış sənətkarlar, musiqişünaslar iştirak edirlər.