İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına əsasən, 2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (51,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (29,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (28,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Təkcə fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (28,9 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16 milyon ABŞ dolları) ikinci və karbamid (14,7 milyon ABŞ dolları) üçüncü olub. Bununla da dünya bazarlarındakı qiymət artımları fonunda qeyri-neft məhsullarının ixracında pambıq mahlıcı liderliyini qoruduğu kimi, karbamid də yenidən ilk üçlüyə qayıdıb. Sonuncu dəfə ötən ilin dekabr ayında karbamid 25,1 milyon dollarlıq ixracla üçüncü olmuşdu.
Karbamid ötən il də qeyri-neft ixracında ön yerlərdən birini tutub. 2021-ci ildə 118,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib ki, bu da 2020-ci ildəki göstərici ilə müqayisədə 11,2 dəfə çoxdur.
Dünya bazarlarında qiymətlərin kəskin artması hesabına SOCAR-ın Karbamid Zavodunda ötən il istehsalın həcmi 3 dəfə, müəssisənin gəlirləri isə 6 dəfə artıb. 2020-ci ildə zavodda 120 min ton karbamid istehsal etmişdisə, 2021-ci ildə bu rəqəm 355 min ton təşkil edib. 2020-ci ildə təxminən 70 min məhsul ixrac edilmişdirsə, 2021-ci ildə bu rəqəm 4,6 dəfə artaraq 323 min tonu keçib. Nəticədə zavodun ümumi gəliri 2020-ci ildə 35 milyon manat olmuşdursa, 2021-ci ildə bu göstərici 225 milyon manatı ötüb. Bu da həm də ondan xəbər verir ki, ötən il zavodun satdığı məhsulun qiyməti əvvəlki illə müqayisədə 2 dəfə artıb. İstehsalın 91 faizi ixrac edilib.
Gübrə istehsalında xammal olan təbii qazın bahalaşması az imiş kimi Ukraynada baş verən hadisələr vəziyyətin bir qədər də dəyişməsinə səbəb olub. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2021-ci ildə dünyada azot gübrəsinin ixracında birinci, kalium və fosfor gübrələrinin ixracında isə ikinci olan Rusiyadan tədarük zəncirindəki qırılmalar səbəbindən məhsul idxal etmək çətinləşib. Bu amil Azərbaycanın artan karbamid ixracını bir az da artıracağı şübhəsizdir.
Ötən ilin 4-cü rübündə bir tonu 850 ABŞ dollarına qədər yüksəlmiş gübrənin qiyməti hazırda 650 dollar ətrafında dəyişir. Kəskin qiymət artımına baxmayaraq yerli fermerlər karbamidi əvvəlki qiymətə (bir tonu 420 manatdır) əldə edirlər.
Ceyhun Piriyev, “İki sahil”