05 aprel 2022 14:09
812

“Sonuncu uçuş” Türkiyədə...

Azərbaycanlı gənc yazıçı Nemət Mətinin kitabı qardaş ölkədə oxuculara təqdim olunacaq

Gənc yazıçı, imzasını kifayət qədər tanıtdıra və sevdirə bilmiş Nemət Mətinin “Sonuncu uçuş” hekayələr kitabı Türkiyədə çap olunacaq.

“İki sahil” xəbər verir ki, kitabı türk dilinə jurnalist, yazıçı-şair İbrahim Tığ və Bülent Ecevit Universitetinin (BEU) doktoru, həmyerlimiz Rövşən Məmmədov çeviriblər. Ön sözü İ.Tığ tərəfindən yazılmış və "Son uçuş" adı ilə nəşr olunan 80 səhifəlik kitabda yazıçının 17 hekayəsi yer alıb.

İ.Tığ kitab haqqında xoş fikirlər bildirərək qeyd edib ki, Azərbaycandan olan qardaşımız Nemət Mətinin bu gözəl əsərini türkcəyə çevirərək türk oxucularına təqdim etməkdən xoşbəxtik: “Ümid edirik ki, kitabdakı hekayələrdən zövq alacaqsınız.”
Qeyd edək ki, 1990-cı ildə Bakının Yeni Suraxanı qəsəbəsində anadan olan Nemət Mətin gənc nəsil Azərbaycan ədəbiyyatının nüfuzlu yazıçılarındandır. O, əsərlərində Azərbaycan ədəbi dilindən səriştəli, aydın ifadəli, yüksək bədii qüdrətə malik nağılçı profilini çəkir. Mətinin hekayələrinin mövzusu onun həyata baxışında ciddi təsirlər yaradan covid pandemiyası, müharibə və digər aktual hadisələrdən götürülüb və kifayət qədər realist yanaşma üzərində qurulub Bu da hekayələri hər kəs üçün oxunaqlı edir.

“Son uçuş” qardaş ölkədə “Artshop Publications” nəşriyyatında çap olunacaq.