05 aprel 2022 22:05
7289

Azərbaycan zəngin, təbii, alternativ enerji potensialına malikdir

İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi, «yaşıl enerji» zonasının yaradılmasında xarici şirkətlərin iştirakı investisiya baxımından cəlbedici ölkə olan Azərbaycana artan maraqdan qaynaqlanır

İqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı yaranan həyəcanla bağlı xəbərdarlıq edən, təbii fəlakətlərdən qorunmağın, planetimizi təhlükədən qurtarmağın yollarını axtaran mütəxəssislərin araşdırmaları hazırda beynəlxalq aləmi düşündürən ən aktual məsələdir. Tədqiqatlar göstərir ki, bərpaolunmayan enerji mənbələrinin yaratdığı zərərli tullantılar bütün canlılar üçün həyat qaynağı olan havanı çirkləndirir. Atmosferə buraxılan zərərli qazların yaratdığı təhlükələrin qarşısının alınması üçün qlobal layihələrin hazırlanması, səmərəli təkliflərin müzakirə olunması «yaşıl enerji» məfhumunu gündəmə gətirməklə problemin həllini aktuallaşdırıb. Gələcəkdə bu sahədə yaranacaq təhlükələrin qarşısının alınması üçün yollar axtaran Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə qarşıdakı 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar sərmayə ayırmaqla təhlükənin arşısını almaq mümkündür. Hesablamalara görə 2025-ci ildə alternativ enerji mənbələri qlobal elektrik enerji istehsalının 33 faizini təşkil edəcək. Bərpaolunan enerji mənbələrindən istifadə ilə təbii qaza qənaət etmək də mümkün olacaq.

 Qlobal enerji layihələrinin təşəbbüskarı və müəllifi olan Azərbaycanın bərpaolunan enerjidən səmərəli istifadə ilə bağlı illərdən bəri həyata keçirdiyi layihələr artıq səmərə verməkdədir. Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazinin « yaşıl enerji» zonası elan olunması, müvafiq konsepsiya və genişmiqyaslı planın hazırlanması, bəzi rayonlarda su elektrik stansiyalarının bərpası və inşası ilə bağlı layihələrin tətbiqinə başlanılıb. Qarabağda günəşdən, küləkdən istifadə etməklə alternativ enerji mənbələrindən istifadəni nəzərdə tutan layihələrin həyata keçirilməsi üçün beynəlxalq aləmdə tanınan şirkətlərlə danışıqlar aparılır, müqavilələr imzalanır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında regionda enerji təhlükəsizliyi layihələrinin tətbiqi ilə bağlı fikirlərini bildirən, Azərbaycanın enerji diplomatiyasının uğurlarından bəhs edən, dünyada təbii qaz mənbələrinə artan tələbatdan, bərpaolunan enerji mənbələrinin səmərəsindən , ölkəmizin «yaşıl enerji» strategiyasından söz açan Prezident İlham Əliyev külək elektrik stansiyası ilə 200 - 300 milyon kubmetr qaza qənaət olunacağını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanın «yaşıl enerji» strategiyası hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir: «Bizim işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramımız var. Energetika Nazirliyimiz aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji» zonası üçün konseptual proqnoz hazırlayıb. Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.»

Energetika Nazirliyinin bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı beynəlxalq şirkətlərlə mütəmadi danışıqların aparıldığını diqqətə çatdıran dövlət başçımız bildirmişdir ki, Azərbaycanın «yaşıl enerji» strategiyası enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olacaq. Çünki Azərbaycan artıq uzun illərdir etibarlı enerji mənbəyi olduğunu sübut edib.

 Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı olan dövlətlərin, tanınmış şirkətlərin sayının artması ölkəmizin dünyanın enerji xəritəsinin dəyişilməsindəki roluna göstərilən dəstəkdir.

Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə «Xızı-Abşeron» Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində qeyd olunduğu kimi, bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verən Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində zəngin təcrübəyə malik ölkədir. Bərpaolunan enerji sektorunda ən böyük enerji mənbəyi və istehsal gücü 240 meqavat olacaq bu stansiyanın istifadəyə verilməsi ilə təbii qaza qənaətlə bağlı planlar həllini tapacaq, zərərli tullantıların ətraf mühitə mənfi təsiri azalacaq.
 Enerjiyə tələbatını daxili imkanları hesabına ödəyən nadir ölkələrdən olan Azərbaycanın yeni enerji növlərinin istehsalı ilə bağlı layihələrinin işğaldan azad edilmiş ərazilərdə, o cümlədən, Cəbrayıl və digər rayonlarda tətbiqi bərpa-quruculuq işlərini sürətləndirəcək. Ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı imkanları daha da artacaq. Dost ölkələrin investorlarının, şirkətlərinin yaranan imkanlardan istifadəsi ölkəmizin əməkdaşlıq formatını da genişləndirəcək.

«Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan «Yaşıl gündəliyi»də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini «yaşıl enerji» zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, külək elektrik stansiyasının yaradılması ekologiyanın qorunması baxımından da olduqca önəmli və əhəmiyyətli layihədir.
 Enerji diplomatiyasını uğurla davam etdirən Azərbaycan təbii resurslardan səmərəli istifadə etməklə daxili tələbatını ödəyir, eyni zamanda, bölgə ölkələrini birləşdirən yüksəkgərginlikli xətləri ilə elektrik enerjisi ixrac edir. Avropada enerjiyə tələbatın artdığı, bəzi ölkələrdə nüvə elektrik stansiyalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarların qəbul edildiyi, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesinin sürətləndiyi indiki zamanda Azərbaycanın daha çox diqqət yetirdiyi "yaşıl enerji" siyasətinin dəstəklənməsi eyni zamanda, ölkəmizdəki sabitliyin, iqtisadi müstəqilliyin uğurlu nəticələrindəndir. Alternativ, bərpaolunan enerji mənbələrinin yaradılmasında xarici investorların daha çox maraq göstərməsi, ölkəmizlə əməkdaşlığa önəm verən dövlətlərin, şirkətlərin sayının artması o deməkdir ki, dünyada böyük nüfuz qazanan, qlobal layihələrin reallaşmasında əsas tərəfdaş kimi öhdəliyinə layiqincə əməl edən Azərbaycanın sözü imzası qədər qiymətli etibarlı və dəyərlidir.

Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərək Azərbaycanın xarici sərmayə üçün çox cəlbedici, açıq ölkə olduğunu qeyd edən dövlət başçımızın vurğuladığ kimi, xarici sərmayələrin Azərbaycanın qeyri-neft sektoruna, bərpaolunan enerji sahəsinə qoyulması ölkə iqtisadiyyatının əsas prioritetlərindəndir.

«Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik» söyləyən dövlət başçımızın vurğuladığı kimi, günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Xarici bazarlar bizim hüdudlarımızın kənarındadır və Avropadadır.

Xuraman İsmayılqızı, «İki sahil»