05 aprel 2022 23:58
1135

Özəlləşdirmə hərracları: Əmlak sahibi olmaq istəyirsənsə...

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi davam etdirilir. Söhbət ondan gedir ki, son illərdə ölkədə yatırım etmək istəyənlər üçün yaradılan seçim imkanlarından  biri də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin həyata keçirdiyi özəlləşdirmə hərraclarıdır. Belə hərraclarda səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmləri ilə yanaşı, kiçik dövlət müəssisə və obyektlərinə, qeyri-yaşayış sahələrinə, nəqliyyat vasitələrinə sahib olmaq mümkündür.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, qurum tərəfindən növbəti hərraclar 19, 21 və 26 aprel tarixlərində keçiriləcək.

Aprelin 19-da təşkil olunacaq hərraca 20 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili, 21 və 26 aprel tarixində keçiriləcək hərraclara isə müvafiq olaraq 32 və 23 nəqliyyat vasitəsi çıxarılacaq.

Qeyd olunan tarixlərdə keçiriləcək hərraclarda ümumilikdə 75 nəqliyyat vasitəsinin satışı nəzərdə tutulur ki, bunların arasında ABŞ, Koreya və Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. 1983-2014-cü illərdə istehsal olunan bu nəqliyyat vasitələrinin marka və təyinatları müxtəlifdir.

Hərracda avtomobillər üçün qiymət 250 manatdan başlayır. Bu qiymət 2000-ci ilin istehsalı olan “VAZ 21060” avtomobili üçün müəyyən edilib. Həmçinin 2000-ci ilin istehsalı olan “BMW 730”un və 2011-ci ilin “FIAT DOBLO”un ilkin hərrac qiyməti 2500 manat, 2014-cü ilin istehsalı olan “Mitsubishi Attrage”in  isə 5500 manatdır.

Eyni zamanda, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və əsasən bölgələrdə yerləşir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir. Onlardan biri Siyəzən şəhərində yerləşən, sahəsi 33,1 kvadratmetr olan mağazanın ilkin hərrac qiyməti 750 manatdır. Şirvanda yerləşən, faydalı sahəsi 300 kvadratmetrə yaxın, ümumi torpaq sahəsi isə 1800 kvadratmetr olan mağazanın start qiyməti isə 16 min manatdır. Həmçinin Xaçmaz rayonu Nabran kəndində yerləşən, sahəsi 1152 kvadratmetr olan yarımçıq tikilinin ilkin start qiyməti 35 min manatdır. Bu dövlət əmlakları  ticarət və xidmət sahələrinə sərmayə yatırmaq istəyən investorlar üçün olduqca əlverişlidir.

Hərraca çıxarılan dövlət əmlaklarının qiyməti onu deməyə əsas verir ki, iri investorlarla yanaşı, sadə vətəndaşlar da daşınar və ya daşınmaz əmlaka sahib ola bilərlər. Bu da investorlara geniş imkanlar yaratmaqla özəlləşdirmə hərraclarının rolunu artırır.  

Əmlak Məsələləri Dövlət Xidməti bəyan edib ki, özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

Ceyhun Piriyev, “İki sahil”