Azərbaycanda bu ildən başlayaraq həyata keçirilməsinə başlanılan gücləndirilmiş anti-inflyasiya tədbirləri davam etdirilir. Onlardan biri də belə tədbirlər çərçivəsində sahibkarlığa yeni dəstək mexanizminin yaradılmasıdır. Bu məqsədlə Nazirlər Kabinetinin 4 aprel 2022-ci il tarixli Qərarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə və məhsullarına dair mexanizmlərin yaradılması nəzərdə tutulur.
Mexanizmlərə, ilk növbədə, güzəştli kreditlər aiddir. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmənin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən ay “Azərsun Holdinq” MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözəl “Report” informasiya agentliyinə müsahibəsində sahibkarların maliyyə vəsaitlərinin az olmasının, həmçinin dünya bazarlarındakı qiymət artımlarının daha çox həcmdə məhsul idxalına imkan vermədiyini bildirmişdi. O, sahibkarların daha çox məhsul idxal edib ehtiyat yaratmaları üçün onlara güzəştli kredit verilməsi məqsədilə dövlət qurumlarına müraciət etdiyini qeyd etmişdi. Hesab edilir ki, ehtiyatın artırılması yerli istehlak bazarını dünya bazarlarındakı qısa və orta müddətli dövrdəki qıtlığın və qiymət artımlarının təsirlərindən qoruya bilər.
Bundan başqa, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarların cari il ərzində əldə etdikləri kreditlərin faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq. Belə ki, maliyyə xərclərinin azalması və nəticə etibarilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilmiş kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiq olunması nəzərdə tutulub.
Bu mexanizm üzrə şərtlər ondan ibarətdir ki, faiz dərəcəsindən və müddətindən asılı olmayaraq 3 milyon manatadək kreditlərin maksimum 1 ilinin faizinin 10 faiz bəndi dövlət vəsaiti hesabına subsidiyalaşdırılacaq. Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcəkdi. Bu o deməkdir ki, sözügedən qrupdan olan sahibkarların ümumi 150 milyon manatlıq kreditinin bir illik faizinin əsas hissəsi dövlət tərəfindən ödəniləcək.
Sözügedən sahibkarlıq subyektlərinin əldə etdikləri kreditlərinin faiz dərəcəsi məlum olmasa da Mərkəzi Bankın mart ayının 1-nə olan məlumatına görə, hüquqi şəxslərə verilmiş kreditlərin orta illik faiz dərəcəsi 10,08 faiz, fiziki şəxslərə verilmiş kreditlərin orta illik faiz dərəcəsi isə 16,34 faiz təşkil edib. Həmçinin yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 16,49 faiz olub. Hazırda biznes kreditləri təklif edən banklarda bu dərəcə 12 faizdən başlayır. Bu mənada minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin faiz xərclərinin böyük hissəsi dövlət vəsaiti hesabına qarşılanmaqla onların istehsal etdikləri məhsulun maya dəyəri azalacaq.
Ceyhun Piriyev, “İki sahil”