Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki dövrə qayıdışı prosesi davam edir. Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 175,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb. Maraqlıdır, iqtisadiyyatdakı böyümənin fonunda investisiyalarda vəziyyət necədir? Məlum məsələdir ki, iqtisadiyyatın böyüməsini investisiyalar olmadan təsəvvür etmək çətindir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 339,7 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitlər bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və təkrar istehsalına yönəldilmiş xərclərin cəmidir.
Məlumata görə, bu ilin ilk iki ayında neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitlər isə 12,1 faiz artıb. Bu dövrdə neft-qaz sektoruna 737,9 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 601,8 milyon manatlıq vəsaitin 81,1 milyon manatı (ümumi sərmayənin 6,1 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.
Həmçinin ümumi sərmayənin 25,4 faizi dövlət, 74,6 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Bu o deməkdir ki, iqtisadiyyata qoyulmuş hər 4 manat sərmayənin 3 manatı özəl sektora aid olub.
Sərmayələrdə üstünlük daxili mənbələrə aiddir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 58,2 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 1 milyard 4,3 milyon manat, büdcə vəsaitləri 138,7 milyon manat, bank kreditləri 7,4 milyon manat, əhalinin şəxsi vəsaitləri 126,3 milyon manat, sair vəsaitlər 63 milyon manat təşkil edib.
Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 560,2 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 99 faizi və ya 554,7 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.
2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 61,1 faizi sənaye, 20,1 faizi tikinti, 11,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi informasiya və rabitə, 0,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, hər birində 0,2 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,1 faizi təhsil sahələrinə sərf edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti, nəqliyyat və anbar təsərrüfatı, poçt və kuriyer fəaliyyəti, maliyyə və sığorta fəaliyyəti, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə investisiyalar artıb, digər sahələrdə isə azalıb. Hesabat dövründə ən böyük artım poçt və kuryer fəaliyyəti sahəsində (30,7 dəfə), ən böyük azalma isə peşə, elmi və texniki fəaliyyət sahəsində qeydə alınıb.
Sərmayə qoyuluşunun 60,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 2022-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində Tədris və Xidmət Kompleksi, “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası, “Qobu” yarımstansiyası və “Qobu” Elektrik Stansiyası, Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrının yeni binası, Gəncə regional “Asan xidmət” Mərkəzi, Gəncə lokomotiv deposu, Ağcabədi rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi şəhərciyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Ceyhun Piriyev, “İki sahil”