09 aprel 2022 01:36
1207

Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar: Cari il üçün hansı nəticələr gözlənilir?

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı  2,7 faiz artacaq. Agentlik ötən ilin dekabr ayında 2022-ci il üçün 2,9 faizlik artım proqnozlaşdırmışdı.

Reytinq  agentliyi Ukraynada baş verənlərin fonunda, həmçinin Ermənistanın, Belarusun, Gürcüstanın, Qazaxıstanın, Rusiyanın, Ukraynanın və Özbəkistanın iqtisadi artım üzrə proqnozunu endirib. Bu ölkələr üzrə azalma gözləntisi daha böyükdür. Belə ki, Agentlik tərəfindən Ermənistanın artım üzrə proqnozu 5,3 faizdən 1,3 faizə, Gürcüstanın 5,8 faizdən 3,2 faizə, Qazaxıstanın 4 faizdən 3,4 faizə, Türkmənistanın 3,5 faizdən 1,7 faizə, Özbəkistanın isə 5,8 faizdə 3,1 faizə endirilib. Həmçinin Ukrayna iqtisadiyyatının 35 faiz, Belarusun isə 10 faizə kiçiləcəyi proqnozlaşdırılıb. 

Agentlik bəyan edib ki, Ukraynada baş verənlərin ölkələrə təsiretmə səviyyəsi müxtəlifdir. Vurğulanıb ki, neft və qaz hasilat edən ölkələr bu məhsulların ixrac qiymətlərinin artmasından faydalanacaqlar. Bu amil  Azərbaycana da şamil olunub. Bildirilib ki, Azərbaycan tələbatın artması, eyni zamanda, qiymətlərin yüksəlməsi mühitində artan qaz ixracından yararlanacaq. Reytinq agentliyinin digər region ölkələri ilə müqayisədə Azərbaycan üzrə proqnoz göstəricisini daha az azaltmasını da bu amillə əsaslandırmaq olar. 

"Fitch Ratings"dən fərqli olaraq digər beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı sözügedən göstəricisində artım müşahidə olunur. Belə ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda iqtisadi artım  3,7 faiz təşkil edəcək. Bu göstərici bankın əvvəlki proqnozu ilə müqayisədə 1,2 faiz bənd çoxdur. 

Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı bu il üçün Azərbaycanla bağlı proqnozuna dəyişiklik edərək  iqtisadi artım gözləntisini 5 faizə yüksəldib. Bu, bankın noyabr proqnozu ilə müqayisədə 1,8 faiz bəndi çoxdur. Bank bəyan edib ki, Azərbaycan iqtisadiyyatı artan neft qiymətlərindən və Avropa ölkələrinin alternativ neft və qaz tədarükçülərinə keçməsindən faydalana bilər. Bununla da bu il ümumi daxili məhsul istehsalının  artımı daha da yüksələ bilər.

Ölkəmizdə isə 2022-ci il üçün iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Cari ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 6,7 faizlik artım qeydə alınıb.

Ceyhun Piriyev, “İki sahil”