Mədəniyyət naziri Anar Kərimov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb.
“İki sahil” xəbər verir ki, nazirlikdən verilən məlumata görə, görüş zamanı Mədəniyyət Nazirliyi və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həyata keçirilən beynəlxalq layihələr və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə söhbət aparılıb.
Nazir Anar Kərimov Avropa İttifaqı ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Avropa İttifaqının dəstəyindən söz açan nazir bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını ifadə edib.
Görüş zamanı Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb.
A.Kərimov "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib.
Səfir Peter Mixalko qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanla mədəniyyət sahəsində həyata keçirilən layihələrə böyük önəm verildiyini və bu münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.