17 aprel 2022 13:56
921

Naftalanda mini-futbol turnirinin açılış mərasimi keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının və Naftalan şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr həsr edilmiş mini-futbol turnirinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Tədbiri Naftalan şəhər Gənclər və İdman idarəsinin  rəisi Samir Qocayev açaraq qonaqları və yarışda iştirak edəcək komandaları salamlayıb. Samir Qocayev qeyd edib ki,  turnirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmək, mini-futbol idman növünün şəhərimizdə inkişaf etdirmək, istedalı futbolçuların aşkar edilməsi, idarə, müəssisə və təşkilatlar arasında yoldaşlıq, dostluq əlaqələrinin gücləndirilməsidir.

Sonra ŞİH başçısının müavini Arzu Məmmədov, YAP Naftalan şəhər Təşkilatının sədri Rövlan Heydərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs ediblər. Qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqəti bu gün Azərbaycanı idman ölkəsinə çevirib.

Sonda  çıxış edən natiqlər turnirdə iştirak edəcək komandalara uğurlar arzulayıblar və mini-futbol turnirinə start verilib. Yarışın qalibləri Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatı  və  şəhər  Gənclər və İdman idarəsi tərəfindən "Kubok" və “Diplom” larla  mükafatlandırılacaqlar.