Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, cari ilin birinci rübündə Azərbaycanın ixracı 7 milyard 980,93 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92,9 faiz çoxdur. Neft-qaz sektoru üzrə ixrac 2 dəfəyə yaxın, qeyri-neft ixracı üzrə isə 45 faiz artıb.
Neft-qaz sektoru üzrə ixracın artım tempinin qeyri-neft sektoru ilə müqayisədə 2 dəfə çox olması onların ümumi ixracdakı nisbətinə təsirsiz ötüşməyib. Belə ki, ixracın hər iki seqmentində artım olsa qeyri-neft məhsullarının ixracının ümumi ixraca nisbəti ötən ilin birinci rübü ilə müqayisədə cari ilin eyni müddətində 12,12 faizdən 9,11 faizə enib.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin eyni müddətində ixracında ən çox artım qeydə alınmış qeyri-neft məhsulları arasında pomidor diqqəti cəlb edir. Belə ki, hesabat dövründə bu məhsulun ixracının dəyəri 82,6 faiz artıb. Həmçinin meşə fındığının ixracının dəyəri 38,8 faiz artıb. Lakin pomidorun ixracının dəyərinin artmasında fiziki həcmlə bərabər, qiymət artımı rol oynasa da, fındıqda belə olmayıb. Ötən illə müqayisədə ixrac olunmuş fındığın həcmi artsa da qiyməti azalıb. Ümumilikdə meyvə-tərəvəz məhsullarının ixracının dəyəri ötən illə müqayisədə 28,5 faiz artımla qeyri-neft ixracının 17,2 faizini təşkil edib.
Qeyri-neft ixracında birinci rübdə əsas paya malik sahələrdən biri də kimya sənayesi olub. Bu sahədə ixracın dəyəri 97,25 milyon ABŞ dolları (11 dəfə artıb) olmaqla qeyri-neft ixracının 13,4 faizini təşkil edib. Müqayisə üçün deyək ki, ötən ilin birinci rübündə kimya məhsullarının qeyri-neft ixracında payı 1,79 faiz və ya 8,97 milyon dollar olmuşdu. Kimya sənayesi üzrə sıçrayışlı artımın səbəbi ötən ilin birinci rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında metanol ixracının həyata keçirilməsi, həmçinin hesabat dövründə azot gübrəsinin ixracının 31 dəfə artması olub.
Plastmassa və onlardan hazırlanan məmulatlar (polietilen, polipropilen və propilenin sopolimerləri) isə qeyri-neft ixracının 16 faizini təşkil edib. Bu məhsulların ixracının dəyəri ötən illə müqayisədə 27,3 faiz artıb. Kimya sənayesi və plastmassa və onlardan hazırlanan məmulatların ixracının artımın məbləği qeyri-neft sektoru üzrə cəmi artımın məbləğinin 50 faizinə bərabərdir. Bu sahələrdə ixracın vəziyyəti SOCAR-ın qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında liderliyini davam etdirməsindən xəbər verir. Qeyd edək ki, SOCAR-ın birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf sosial şəbəkə hesabında bir müddət əvvəl bildirib ki, ölkə üzrə yanvar-fevral aylarında qeyri-neft ixracının 28 faizi, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4 faizi SOCAR-ın payına düşüb.
Bu ilin birinci rübündə ötən illə müqayisədə, həmçinin alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7 faiz, pambıq iplik ixracı 29,3 faiz, pambıq lifi ixracı isə 5,6 faiz artıb. Pambıq lifinin ixracının dəyəri qeyri-neft ixracının 10 faizinə bərabər olub.
Təkcə mart ayı üzrə ixrac isə 2 milyard ABŞ dolları təşkil edib. Bu ayda qeyri-neft sektoru üzrə ixracda artım 55,9 faiz təşkil etməklə 265,5 milyon ABŞ dolları olub. Martda yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6 faiz artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 70,1 faiz artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.
Ceyhun Piriyev, “İki sahil”
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib