19 aprel 2022 09:57
566

Azərbaycan internetin sürətinə görə 119-cu olub

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 119-cu yerdə qərarlaşıb ki, bu da fevral ayı ilə müqayisədə 3 pillə irəliləmə deməkdir. Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 19,93 MB/S olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Speedtest Global Index” məlumat yayıb.

Qeyd edilib ki, sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. İlk yerdə Sinqapur (197,97 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,83 MB/S) qərarlaşıb.

Bundan başqa, martda Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 30,40 MB/S sürətlə 63-cü pillədə qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 135,35 MB/S sürətlə birinci, Fələstin isə 4,89 MB/S sürətlə sonuncu 142-ci olub.