Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin birinci rübündə Azərbaycana avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 17 102-ə çatıb. Yanvar-mart aylarında ölkəyə gətirilmiş avtomobillərin 93,2 faizi və ya 15934-ü əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub. Ötən illə müqayisədə ölkəyə idxal olunmuş avtomobillərin strukturunda ciddi dəyişiklik olmayıb. Belə ki, 2021-ci ilin birinci rübündə Azərbaycana gətirilmiş avtomobillərin 91,5 faizini və ya 14219-su sözügedən tip nəqliyyat vasitələri təşkil etmişdi. Maraqlıdır ki, ötən illə müqayisədə ölkədə idxal edilmiş minik avtomobillərinin orta qiyməti dəyişməyib. Belə ki, 2021-ci və 2022-ci illərin birinci rübündə ölkədə idxal edilmiş avtomobillərin orta qiyməti eyni – 9 334 ABŞ dolları olub.
Lakin bir il əvvəllə müqayisədə ölkəyə daha az yanacaq sərfiyyatına malik və ya ümumiyyətlə, yanacağa ehtiyacı olmayan avtomobillərin idxalda xüsusi çəkisi artıb. Belə ki, ötən ilin birinci rübündə ölkəyə idxal edilmiş əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələrinin 13 faizi və ya 1848-i daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (“hibrid”) və elektrik mühərrikli maşınlar idisə, cari ilin eyni müddətində bu göstərici 20 faizə və ya 3210-a yüksəlib. “Hibrid” mühərrikli avtomobillərin sayı 71,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 4,1 dəfə artıb.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində elektrik mühərrikli avtonəqliyyat vasitələrinin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Həmçinin elektrik mühərrikləri üçün həcm parametri olmadığından onlar üçün aksiz vergisi hesablanmır və tutulmur. “Hibrid” mühərrikli avtomobillərə gəlincə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan bu vasitələrin idxalı və satışı cari ildən 3 il müddətinə ƏDV-dən azad edilib.Bu baxımdan belə avtomobillərin idxalındakı artımı belə stimullaşdırıcı addımlarla izah etmək olar.
Məcəlləyə edilən digər dəyişikliklə cari ildən istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan minik avtomobilləri üçün aksiz vergisinin dərəcələri artırılıb. Ümumilikdə isə mühərrikinin həcmindən asılı olmayaraq idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, bu Məcəlləyə əsasən müəyyən edilmiş aksiz vergisi benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə 1.5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Bütün bunlar onu göstərir ki, cari ildən ölkəyə buraxılış ili köhnə olan avtomobil gətirmək istəyənlər, xüsusilə də mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan avtomobilə sahiblənmək istəyənlər daha çox vergi ödəməlidirlər.
Görünən odur ki, birinci rübdə bu dəyişiklik də idxala təsirini göstərib. Belə ki, ötən ayın sonunda "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bildirib ki, cari ilin ilk 3 ayında Azərbaycana istehsal müddəti 3 ili ötmüş mühərrikin həcmi böyük olan nəqliyyat vasitəsi idxal edilməyib. O qeyd edib ki, bu dövrdə ölkəyə gətirilmiş yeni avtomobillərin sayı ötən illə müqayisədə 1 300 ədəd çox olub ki, onun da 1 200-nü “hibrid” mühərrikli avtomobillər təşkil edib.
Ötən il Azərbaycana gətirilmiş avtomobillərin 51,4 faizinin “yaşı” 7-dən (2014-cü ilədək) çox olub. Benzin və dizel mühərrikli avtomobillərin isə 61 faizinin buraxılış ili 7 ildən çoxdur.
Statistik rəqəmlərə görə, 2020-ci ilin sonunda Azərbaycanda 1 milyon 264 min 542 ədəd minik avtomobili, 30 min 757 avtobus, 154 min 659 yük avtomobili, 11 min 613 xüsusi təyinatlı avtomobil və 11 min 992 digər avtomobillər olub. Həmin avtomobillərin əksər hissəsinin buraxılış ilindən 10 ildən çox vaxt ötüb. Belə ki, minik avtomobillərinin 993 min 365-nin və ya 78,55 faizinin, avtobusların 25 min 829-nun və ya 84 faizinin, yük avtomobillərinin 135 737-nin və ya 87,8 faizinin, xüsusi təyinatlı avtomobillərin 8 min 777-nin və ya 75,6 faizinin “yaşı” 10 il, yaxud daha çox olub.
Ceyhun Piriyev, “İki sahil”
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib