20 aprel 2022 12:25
578

Azərbaycanın sənaye sektorunda mövcud çətinliklər müzakirə olunub

Azərbaycanda sənaye sektoru peşəkarlarının hazırlanmasında və işə götürülmə prosesində, ali təhsil müəssisələrinin və sənaye şirkətlərinin üzləşdikləri başlıca çətinliklər müzakirə olunub.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasından “İki sahil”ə verilən məlumata görə, qeyd olunan məsələ Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinin iştirakı ilə təşkil olunan “Sənayə sektoru ilə Ali təhsil arasında boşluqların aradan qaldırılması” mövzusunda keçirilən "dəyirmi-masa"da müzakirə predmeti olub.

Tədbirdə həmçinin, əmək bazarının ehtiyaclarının ödənilməsi ilə yeni məzunların işə cəlb olunması yolunda görülə biləcək işlər nəzərdən keçirilib.

"Dəyirmi-masa"da Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun, Palatanın İdarəedici Direktoru Zibar Hüseynova və Agentliyin sədri Mustafa Abbasbəyli iştirak ediblər.

Mustafa Abbasbeyli iştirakçıları əmək bazarındakı ən son tendensiyalar, işçi qüvvəsinin hərəkəti, kadrların peşə hazırlığı və kvalifikasiyaları haqqında rəsmi statistik məlumatlarla tanış edib, habelə təhsil sahəsi və əmək bazarı arasındakı boşluğun aradan qaldırılması yolunda dövlətin, həmçinin Agentliyin zəruri rolunu qeyd edib. Bu sahədə Agentliyin rəqəmsallaşma islahatlarının vacibliyini vurğulayan Mustafa Abbasbəyli məşğulluğun artırılması istiqamətində həyata keçirdikləri “CV yarat”, “Gənclərin Biznes Emalatxanası” kimi yeni layihələr haqqında məlumat verib.

Tədbirdə sənaye sektoru üzrə yerli və beynəlxalq şirkətlərinin direktorları, insan resursları üzrə peşəkarları və ölkənin bu sahədəki əsas ali təhsil müəssisələrinin rektor və prorektorları iştirak ediblər.