Muxtar respublikada həyata keçirilən sənaye siyasəti özəl sektorun inkişafına, yeni təşəbbüslərin dəstəklənməsinə və müasir idarəetmə vərdişlərinin tətbiqinə əsaslanır.
“İki sahil” xəbər verir ki, bu fikir “Naxçıvan” Universitetində keçirilən “Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi” adlı beynəlxalq elmi konfransda vurğulanıb.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara Ulu Öndərin mənalı ömür yolu və parlaq siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
Türkiyənin İqdır Universitetinin rektoru, professor Məhmət Hakkı Alma çıxışında bildirib ki, ölkələrarası münasibətlərin düzgün qurulmasında iqtisadiyyatın rolu danılmazdır. İqtisadi əlaqələrin genişləndirilməsi sahəsində ölkələrimiz arasında mühüm irəliləyişlər əldə edilib. Bu məsələdə özünəməxsus rol oynayan Naxçıvanda bir çox layihələrin icrası perspektivləri diqqəti cəlb edir.
2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye İli” elan olunduğunu bildirən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov qeyd edib ki, məqsəd diyarımızda sənaye sektorunu daha da inkişaf etdirməkdir. Bunun üçün xammal ehtiyatının yaradılması qarşıda duran əsas məsələlərdəndir. Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində görülən işlər sənayenin davamlı inkişafında, iqtisadiyyatın modernləşməsində və innovativ iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin də bariz nümunəsidir.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi Sevda Mikayılova, Qazaxıstan Respublikasının Əhməd Yəsəvi Universitetinin müəllimi, dosent Aktolkin Abubakirova müxtəlif mövzularda çıxış ediblər. Qeyd olunub ki, Naxçıvanın yeraltı və yerüstü sərvətlərinin tədqiqi onu deməyə əsas verir ki, burada sənayenin inkişafı müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər. Muxtar respublikada strateji əhəmiyyətə malik sahələrin inkişaf etdirilməsi aqrar sahəyə paralel olaraq sənayenin inkişafına da təkan verir.
“Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylu bildirib ki, müasir dövrdə iqtisadiyyatın davamlı inkişafı şəraitində Naxçıvan iqtisadi rayonunda sosial-iqtisadi inkişafın prioritet istiqamətlərindən biri mövcud sənaye sahələrini diversifikasiya proseslərinə cəlb etməkdir. Təkrar istehsal prosesinin genişlənməsi və məhsulların istehsal həcminin artması əlavə iş yerlərinin yaradılmasına, iqtisadi fəal əhalinin məşğulluğunun təmin olunmasına, işsizlik səviyyəsinin aşağı düşməsinə və əməkhaqqının artmasına səbəb olur.
Qeyd olunub ki, sənaye komplekslərinin yaradılmasında məqsəd müasir dövrdə müstəqil fəaliyyət göstərən, özünümaliyyələşdirən və xammal təchizatını fasiləsiz yerinə yetirən təsərrüfat subyektlərinin artırılmasını təmin etmək və ölkə iqtisadiyyatının davamlı inkişafına fayda verməkdən ibarətdir. Bu mənada, muxtar respublikada sənaye sahələrinin keyfiyyətcə yeni mərhələyə çatması rəqabətqabiliyyətliliyin artmasına imkan verəcək.
Sonda beynəlxalq konfransda fəal iştirak edənlərə “Naxçıvan” Universitetinin sertifikat və hədiyyəsi verilib.
Konfrans bölmə iclasları ilə davam edib.
Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib