Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında həmin ərazilərdə yaşayan sakinlərlə görüşləri davam etdirir.
4 may 2022-ci il tarixində YAP rayon təşkilatının Daşkəsən qəsəbə ümumi orta məktəbi, Daşkəsən Peşə məktəbi, Daşkəsən qəsəbə və Əli İsmayılov adına ərazi partiya təşkilatlarında sakinlərlə görüşlər keçirilib.
Keçirilən yığıncaqlarda ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü münasibətilə geniş fikir mübadiləsi aparılıb.
Çıxış edən YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov, Daşkəsən qəsəbə ümumi orta məktəbi ərazi partiya təşkilatının sədri Şaiq Kazımov və Daşkəsən qəsəbə ərazi partiya təşkilatının sədri Xudayar Ələkbərov və başqaları bildiriblər ki, Azərbaycan tarixində silinməz izlər qoymuş ulu öndər Heydər Əliyevi artıq torpaqları işğaldan azad olunmuş xalq olaraq xatırlayır və ehtiramla yad edirik. Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırdı, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdı. Təcrübəli dövlət xadimi olan ümummilli lider Heydər Əliyevin zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynadığını xüsusi vurğulayan natiqlər bildiriblər ki, dahi şəxsiyyət müasir müstəqil Azərbaycanın qurucusudur.
Natiqlər onu da qeyd ediblər ki, Ulu Öndərin dövlətçilik ənənələrinə daim sadiq olan ölkə Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.
Yığıncaqlarda həmçinin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Böyük Tarixi Zəfərdən söhbət açılıb.
Yekunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olunub.
Cavid Əkbərov, "İki sahil"