04 may 2022 23:45
1267

Əhalinin məşğulluğu: 35 faiz əmək müqaviləsi ilə çalışır, bəs qalanlar?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransdakı çıxışında bildirib ki, ölkədə əmək müqavilələrinin sayı ümumi məşğul əhalinin sayının cəmi 35 faizini təşkil edir. O qeyd edib ki, son 3-4 il ərzində Azəbaycanda 400 min əmək müqaviləsi bağlanıb. Bu, 30 faizlik artım deməkdir.

Maraqlıdır, bəs məşğul əhalinin ümumi sayı nə qədərdir və onlar hansı sahələrdə çalışırlar?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 307,1 min nəfər olub, onlardan 4 milyon 991,7 min nəfərini məşğul əhali təşkil edib. Rəsmi statistikaya görə, cari il martın 1-i vəziyyətinə  Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 682,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,5 min nəfər, qeyri-dövlət sektorunda isə 779,6 min nəfər təşkil edib. Həmçinin iqtisadiyyatın neft-qaz sektorunda 31,3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 650,8 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin böyük hissəsi məhsul istehsalı sahələrində və tikintidə işləyib. Həmçinin xidmət sahəsində işləyənlərin əksər hissəsi təhsil və ticarət sahələrində çalışıblar. Buradan o da məlum olur ki, əmək müqavilələrinin 24 faizi son 3-4 ildə reallaşıb.

İqtisadi fəal əhali bütün işləyənlərin və işsizlərin məcmusudur. Həm muzdla (işin daimi, müvəqqəti, mövsümi, təsadüfi və ya birdəfəlik olub-olmamasından asılı olmayaraq), həm də müstəqil iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar işləyənlərə aid edilirlər. Ölkə qanunvericiliyinə görə, muzdla işləyənlər müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi bağlamış bütün işçilərdir. Muzdsuz işləyənlərə isə müstəqil əmək fəaliyyəti ilə məşğul olanlar (sahibkarlar, özü məşğul olanlar, istehsal kooperativinin üzvləri, ailə müəssisəsində əməyi ödənilməyən işçilər) aid edilirlər.
Ümumilikdə isə rəqəmlərdən belə görünür ki, məşğul əhalinin təxminən 3,3 milyon nəfərini və ya 65 faizindən çoxunu digər qrupdan olan şəxslər təşkil edir. Buraya ilk növbədə müstəqil iqtisadi əmək fəaliyyəti ilə məşğul olanları aid etmək olar. Burada hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər xüsusilə qeyd edilməlidir.    

Rəsmi göstəricilərə görə, bu il aprelin 1-i vəziyyətinə, ölkədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 195 mini ötüb. Onların fəaliyyət sahələrinə gəlincə, hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Lənkəran-Astara (10 faiz), Qazax-Tovuz (7,6 faiz) və Mərkəzi Aran (6,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıblar.

Bundan başqa, din xadimləri, hərbi qulluqçular, haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər və digərləri də məşğul əhali sinfinə aiddirlər. Lakin bununla belə hesab edilir ki, yerli əmək bazarında qeyri-formal  (qeyri-rəsmi) məşğulluğun payı kifayət qədər yüksəkdir.  Qeyd edək ki, əmək sahəsinə dair milli qanunvericiliyə və sosial sığorta sahəsinə aid normativ-hüquqi aktlara cavab verməyən əmək münasibətləri qeyri-formal məşğulluq hesab edilir.

Ceyhun Piriyev, “İki sahil”