YAP Yasamal rayon təşkilatının "Tbilisi prospekti, 129" ünvanında (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi) yerləşən ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü müasibəti ilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, "Tbilisi prospekti, 129" ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Elçin Qədimov və ərazi ilk partiya təşkilatının aktiv üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğal altından qurtarılması müasir dövrümüzün ən əhəmiyyətli hadisəsi olmuşdur. Qeyd edib ki, Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atır.
Tədbirdə cıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin tarixi qələbəsindən söz açıb. O qeyd edib ki, İkinci Qarabağ savaşının cəmi 44 günə qələbə ilə bitməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsində mümkün olub. Bundan əlavə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Cənab Prezidentimiz İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin qloballaşan dünyada öz mövqeyini yüksəltməsi göz önündədir. O, bildirib ki, bu istiqamətdə Yeni Azərbaycan Partiyası, yerli təşkilatları və ərazi ilk partiya təşkilatlarının fəaliyyəti də çox əhəmiyyətlidir.
Sonra çıxış edən "Tbilisi prospekti, 129" ünvanında (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi) yerləşən ərazi partiya təşkilatının sədri Elçin Qədimov bildirdi ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur.
Tədbirin sonunda "Tbilisi prospekti, 129" ünvanında yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.