06 may 2022 15:49
801

Kürdəmirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub - FOTO

Mayın 6-da YAP Kürdəmir rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar rayon təşkilatının veteran üzvlərinin iştirakı ilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək işıqlı xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayon təşkilatının veteran üzvləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov açıb. O, bildirib ki, mayın 10-da müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş, dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır. Heydər Əliyev iki dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlib və hər gəlişi ilə xalqımızın və dövlətçiliyimizin intibahına səbəb olub. Heydər Əliyev cəmi 10 il ərzində müstəqil Azərbaycanı güclü ordusu, sosial-iqtisadi və hüquqi sistemi, praqmatik xarici siyasət və neft strategiyası olan müstəqil milli dövlətə çevirdi. Bu gün də Azərbaycan Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhkəmlənir. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və Liderin xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Çıxışçılardan Yeni Azərbaycan Partiyasının veteran üzvləri Elmira Şıxəliyeva, Qasım Hüseynov, Mehrab Abdurahmanov, Həsən Hidayətov, Sevil Osmanova, partiyanın veteran üzvü, Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Alıyev bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. 1969-cu ildə keçmiş SSRİ tərkibində ən geridə qalmış respublika kimi daim əzilən Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyev cəmi 13 il ərzində ölkəmizi sənaye dövlətinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Natiqllər bildirmişlər ki, 1993- cü ildə xalqın istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yaranmış təhlükədən xilas edərək xalqın xilaskarına çevrildi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – cənab İlham Əliyevi yetişdirməsi olmuşdur. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının ən möhtəşəm tarixini yaşayır.

Sonda rayon təşkilatının rəhbərliyi tərəfindən partiya veteranlarının bir qisminə hədiyyələr təqdim edilib.