06 may 2022 17:45
1076

Masallıda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda seminar - FOTO

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar “Biz ulu öndər Heydər Əliyev irsini öyrənirik” devizi altında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda növbəti seminar keçirilmişdir.

“İki sahil” xəbər verir ki, ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü və gənc nəslin inkişafına davamlı qayğı göstərirdi.

Seyfəddin Əliyev çıxışında Ulu öndərimiz Heydər Əliyevin  xalqımız qarşısındakı böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Eyni zamanda Ümummilli liderimiz Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi.

Tədbirdə Mololon ərazi partiya təşkilatının sədri Ağamməd Şənmədov, Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, YAP fəallarından Limanə Süleymanova, Sevinc Əliyeva və başqaları çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi önəmdən və bu diqqət, qayğının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.

Sonda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev seminarda iştirak edən gənclərə partiyamızın inkişafı naminə tövsiyyə və tapşırıqlarını diqqətə çatdırdı.