12 may 2022 00:35
1199

Qiymətli kağızlar bazarında 24 faizlik artım: Nələrin hesabına?

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin birinci rübündə qiymətli kağızlar bazarında aparılmış əməliyyatların dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq 5 milyard 284,1 milyon manata yüksəlib. Bu göstəricinin 54 faizi və ya 2 milyard 858,1 milyon manatlıq hissəsi ilkin bazarın, 46 faizi və ya 2 milyard 426 milyon manatlıq hissəsi təkrar bazarın payına düşüb. Birinci rübdə təkrar bazar üzrə əməliyyatların həcmi daha çox artıb.Bu dövrdə ilkin bazar üzrə əməliyyatların dövriyyəsi 2,7 faiz, təkrar bazar üzrə isə 62,9 faiz artıb.

Həmçinin bağlanmış əqdlərin sayına görə də təkrar bazar əməliyyatları liderdir. Birinci rübdə  2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox- 2971 əqd bağlanıb ki, bunun da 82,6 faizi və ya 2 454-ü təkrar bazarda qeydə alınıb. Lakin artıma gəlincə, əməliyyatların arasında faiz baxımından ciddi fərq yoxdur. Əqdlərin sayı ilkin bazarda  5,3  faiz, təkrar bazarda 4,7 faiz artıb.

Aparılmış əməliyyatlarda dövlət qiymətli kağızları əsas yeri tutur. Əməliyyatların 2 milyard 737,9 milyon manatlıq hissəsi və yaxud 51,8 faizi dövlət qiymətli kağızlarının, 2 milyard 139,3 milyon manatlıq hissəsi və yaxud 40,5 faizi repo əməliyyatlarının,  406,9 milyon manatlıq hissəsi və yaxud 7,7  faizi isə korporativ qiymətli kağızların  payına düşüb. Hesabat dövründə dövlət qiymətli kağızlar üzrə əməliyyatların dövriyyəsi 10,6 faiz azalsa da, korporativ qiymətli kağızlar üzrə 2,6 dəfə, repo əməliyyatlar üzrə 2 dəfə artıb.

Say baxımından isə korporativ qiymətli kağızlar öndədir. Birinci rübdə sözügedən bazarda  bağlanmış əqdlərin 1 480-si və yaxud 49,8 faizini korporativ qiymətli kağızlar, 959-unu və yaxud 32,3 faizini repo əməliyyatlar, 532-sini və yaxud 17,9 faizi isə dövlət qiymətli kağızlar təşkil edib.Əqdlərin sayı illik müqayisədə dövlət qiymətli kağızlar üzrə 12,6  faiz, korporativ qiymətli kağızlar üzrə 1 faiz azalıb, repo əməliyyatlar üzrə isə 31,4  faiz artıb.

Hesabat dövründə bağlanmış əqdlərin sayı və aparılmış əməliyyatların dövriyyəsi üzrə azalmaya baxmayaraq qiymətli kağızlar bazarında dövlət qiymətli kağızlarının əsas paya malik olduğu reallıqdır. Lakin qiymətli kağızlar bazarında əsas pay dövlət qiymətli kağızlarına aid olsa da birinci rübdə bazarın böyüməsi repo əməliyyatlarının dövriyyəsindəki artımın hesabına olub. Belə ki, birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə korporativ qiymətli kağızlarla repo 4,4 dəfə,  dövlət istiqrazları ilə repo 40,3 faiz, Mərkəzi Bankın notları ilə repo əməliyyatları 6,8 dəfə artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycanda inflyasiyanın sürətlənməsinə baxmayaraq, dövlət istiqrazlarının nominal gəlirlilik səviyyəsi azalır. Nəticədə  inflyasiyanı da nəzərə alanda real gəlirlilik faizi kəskin azalmış olur. İcraçı direktorun sözlərinə görə, bu hal  investorların dövlətə inamının artması və məhdud alternativ sərmayə imkanlarının olması deməkdir: “Hətta Maliyyə Nazirliyi tərəfindən 5 illik və 7 illik istiqrazların dövriyyəyə buraxılması onu göstərir ki, investorların risk antipatiyası azalıb və daha uzunmüddətli dönəmdə dövlətə inanırlar. Daha uzun müddətə və daha aşağı real gəlirliliklə dövlət qiymətli kağızlarının emissiyası dövlət borcunun strukturunda yerli borclanmanı, özü də daha əlverişli şərtlərlə artırır. Bu yolla, dövlət borcunda xarici borcun xüsusi çəkisi azalır və məzənnə riski də daxil olmaqla, bir sıra risklər yumşalır”.

Qeyd edək ki, birinci dövlət qiymətli kağızlarının 18,3 faizini və ya 501,2 milyon manatını dövlət istiqrazları təşkil edib. Bir il əvvəllə müqayisədə dövlət istiqrazlarının həcmi 28 faiz azalıb. Ümumilikdə, birinci rübdə dövlət qiymətli kağızlarının 81,4 faizini və ya 2 milyard 236,7 milyon manatını Mərkəzi Bankın notları təşkil edib. Bu da bir il əvvəllə müqayisədə 5,54 faiz azdır.

Ceyhun Piriyev, “İki sahil”