İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın may sayına əsasən, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 965,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 268,6 milyon ABŞ dolları və ya 38,5 faiz artıb.
2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 faiz , pambıq iplik ixracı 19,8 faiz, pambıq lifi ixracı isə 6,8 faiz artıb.
Təkcə aprel ayında qeyri-neft ixracında artım 22 faiz təşkil etməklə 238,3 milyon ABŞ dolları olub. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2 faiz artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2 faiz artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.
İİTKM-in departament rəhbəri Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanın texnoloji məhsul istehsalının müqayisə üstünlüyü olmadığı üçün ixracın artım sürəti dünya bazar qiymətləri fonunda müşahidə olunan tələb ilə əlaqədardır: “Xüsusilə üzvi kimya sənayesi strukturunda yer alan metanol, plastmaslar və onlardan hazırlanan məmulatlar qrupuna daxil olan ilkin formalı polietilen və ilkin formalı polipropilen, ilkin formalı propilen sopolimerləri, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr qeyri-neft ixracının artımında həlledici rol oynayıb. 2022-ci ilin yanvar-aprel ayları üzrə kimya sənayesi məhsullarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 dəfəyə yaxın artması da təsadüfi deyil. Artımın əsas səbəbi pandemiyanın əhatə dairəsinin yumşaldılması, ertələnən xarici tələbin canlanması, ixrac edilən üzvi kimya məhsulları üçün aralıq məhsul rolunu oynayan əmtəələrin dünya bazar qiymətlərinin artımı ilə əlaqədardır”.
Departament rəhbəri qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrindən regionda yerləşən ölkələrə qədər xarici ticarətdə müsbət saldoya malik ölkə tapmaq çətindir. Cari hesablar balansının kəsirlərlə yekunlaşmaması üçün bir sıra ölkələr xarici borc cəlb edərək yarana biləcək makroiqtisadi risklərin qarşısını almaq istəyib. Lakin Azərbaycan neft-qaz sektoru hesabına bu təhlükədən uzaq dayana bilib. Qeyri-neft ticarətindəki müsbət saldo isə Azərbaycanın əsas çağırışlarından biridir.
Qeyd edək ki, yanvar-aprel aylarında Azərbaycanın idxalı 15 faiz artaraq 4,1 milyard dollar təşkil edib.
İstənilən halda xarici ticarət dövriyyəsinin artmasında qiymət amili əsas rola malikdir. Rəsmi statistikaya görə, təkcə cari ilin yanvar-fevral aylarında idxal edilmiş məhsulların qiyməti bir ilə əvvəllə müqayisədə 20,1 faiz artıb. Qiymət amili ixraca da aiddir. Belə ki, yanvar-fevral aylarında ixrac olunmuş məhsullar 2021- ci ilin eyni dövrünə nisbətən 67,1 faiz bahalaşıb. Nəticədə bu dövrdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə artsa da real ifadədə 12,8 faiz, o cümlədən ixrac 18,8 faiz, idxal 1,8 faiz artmışdı. Həmçinin bu ilin ilk 2 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri neft-qaz məhsullarının ixracı faktiki qiymətlərlə 39,4 faiz artmış olsa da, real ifadədə bu göstərici 32,2 faiz təşkil etmişdi.
Ceyhun Piriyev, “İki sahil”
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib