14 may 2022 18:52
1021

TÜİB-in 5-ci dönəm seçkili ümumi yığıncağı keçirilib

Mayın 14-də Bakıda “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) 5-ci dönəm seçkili ümumi yığıncağı keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanın və Türkiyənin hökumət rəsmilərinin, TÜİB-in rəhbərliyinin, çoxsaylı üzvlərinin, iş adamları və ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirin əvvəlində hər iki ölkənin Dövlət Himniləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin, Mustafa Kemal Atatürkün və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

Tədbirin rəsmi hissəsi TÜİB-in Divan Heyətinin seçimi ilə başlayıb. TÜİB-in Divan Heyetinin sədri Avni Demirci tədbirin gündəliyi haqqında məlumat verib.

Yığıncaq TÜİB-in fəaliyyətini əks etdirən video-çarxla davam edib.

Tədbirdə TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Azərbaycan-Türkiyə əlaqələrindən, bu ölkələrin bir-birinə verdikləri dəstəkdən və 44 günlük Vətən müharibəsindən danışan H.Büyükfırat vurğulayıb ki, şəhid ailələrinin övladlarına Türkiyədə təhsil almaq imkanları yaradılıb və bu işlər davam etdiriləcək.

Daha sonra tədbirdə Türkiyə Prezidentinin Finans Ofisi başqanı Göksel Aşan, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin Əmək və sosial müdafiə nazirinin müavini Ertuğrul Soysal, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Məmməd Musayev çıxış edərək TÜİB-in fəaliyyətini yüksək qiymətləndiriblər, sonrakı dövr üçün tövsiyələrini açıqlayıblar.

Tədbirdə TÜİB-in İdarə Heyətinin və Nəzarət və Təftiş Komissiyasının üzvlərinin seçilməsi müzakirə olunub. Səsvermənin nəticələrinə əsasən ümumi yığıncağın sonunda TÜİB-in üzvləri Hüseyin Büyükfıratı yekdilliklə yenidən İdarə Heyətinin sədri seçiblər.

TÜİB-in yeni İdarə Heyətinin sədri qapanış nitqi ilə çıxış edərək ona səs verənlərə təşəkkür edib, qurumun uğurlu fəaliyyəti üçün bundan sonra da əlindən gələni edəcəyini bildirib.

Cavid Əkbərov, “İki sahil”