Bu gün Bakıda IV "SHE Kongress" - beynəlxalq qadınlar konqresi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycandan və digər ölkələrdən 300-dən çox qadın iş adamını bir araya gətirib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Sədaqət Vəliyeva, Könül Nurullayeva və Nigar Arpadarai də Konqresdə iştirak ediblər.
Konqresdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığa maraq göstərən qadınların sayı artıb.
“Ümumiyyətlə, qadın sahibkarlığının inkişafı Agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir, tərəfimizdən qadın sahibkarlığının inkişafı, kiçik və orta sahibkarlıq subyektləri arasında qadınların sayının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Öz biznesini qurmaq və sahibkar olmaq istəyən qadınlar KOBİA-nın dəstək və xidmətlərindən yararlana bilərlər”, - o deyib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, bu tədbir ölkəmizdə artıq dördüncü dəfədir ki təşkil olunur: “Konqresin əsas məqsədi Azərbaycanda yaşayan və sosial həyatda, biznesdə, digər sahələrdə peşəkar və aktiv fəaliyyət göstərən xanımlara maarifləndirici və ruhlandırıcı dəstək göstərməkdir. Dünya qadın hərəkatının tarixi təcrübəsi sübut edir ki, ictimai sahədə qadın nə qədər fəal iştirak etsə, cəmiyyətin inkişafı da sürətlənər. Azərbaycanda da vəziyyət belədir. Müstəqilliyimizi bərpa etdikdən sonra ictimai-siyasi, sosial-iqtisadi, maliyyə və bank sektorunda, elmdə qadınların sayı daha da artmağa başladı. Bu, onların öz potensiallarını həyata keçirmələri və peşəkarlıq səviyyələrini yüksəltmələri üçün etibarlı bünövrə yaratdı. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Möhtərəm cənab Prezident İlham Əliyevin diqqətini görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərin fəal iştirak edirlər. Azərbaycanda hüquqi qanunvericilik bazası yaradılıb.”
H.Hüseynova bildirib ki, qəbul olunmuş qanunlar və digər normativ aktlar ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir: “Bu gün İKT qadınların intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, qadınlar arasında yoxsulluq və işsizliyin azaldılması üçün əlverişli vasitələrdən biridir. Sevindirici haldır ki, artıq ölkəmizdə onlarla start uplar, inkubasiya mərkəzləri mövcuddur. Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Ötən il ICESCO tərəfindən “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qeyd etmişdir ki, “elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. Buna görə də qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara malik olmaq üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”. 44 günlük Vətən Müharibəsi zamanı əldə etdiyimiz Şanlı Qələbə ölkədə, eyni zamanda regionda yeni vəziyyət yaratmışdır. Hazırda erməni işğalından azad olunan tarixi torpaqlarımızda bərpa quruculuq işləri, geniş miqyaslı tikinti işləri aparılır. Həmin ərazilərdə məşğulluğun yaradılması, sahibkarlığın inkişafı sahəsində layihələr həyata keçirilir, investisiyalar qoyulur. Əlbəttə ki, bütün bu tədbirlərdə qadınlarımız da aktiv iştirak edirlər. Müasir Azərbaycan qadını hərtərəfli inkişaf etməlidir. Bəli, biz hər zaman qeyd edirik ki, cəmiyyətimizin, dövlətimizin əsas nüvəsi ailədir. Lakin əgər biz gender bərabərliyindən danışırıqsa, qadınlar və kişilər arasında ayrı-seçkilik aradam qaldırılmasına nail olmalıyıq. Ailə öhdəliyi heç bir halda qadını işləməkdən, təhsil almaqdan, özünü təsdiq etməkdən çəkindirə bilməz. Əksinə qadın ailədən aldığı dəstəklə inkişaf edir. İqtisadi cəhətdən müstəqil, savadlı, fəal qadın həm öz ailəsinə, həm də cəmiyyətinə layiqli töhfə verə bilir. Biz birlikdə qadınlara kömək etməliyik ki, onlar öz güclərinə inansınlar və başqalarına da dəstək olsunlar. Qeyd etmək lazımdır ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda maraqlı tərəflərdən biri də qadınlardır. Çünki, qadınlar həm də gələcək nəsil yetişdirir. Onlar sağlam, təhsilli, fəal olmalıdırlar ki, böyütdükləri övladlar da cəmiyyətə layiqli vətəndaş olsunlar. Bunun üçün isə ehtiyaclar öyrənilməlidir. Mövcud stereotiplərin aradan qaldırılması sahəsində aparılan işlər daha da gücləndirilməlidir. Bir daha Tatyana xanıma və onun bütün kollektivinə, zəhməti olan hər kəsə öz təşəkkür edirik. Artıq ənənəyə çevrilən bu Konqresdə çox maraqlı fikirlər səslənir, çağırışlar edilir. Konqres çərçivəsində müxtəlif layihələr həyata keçirilir, qadınlar maariflənir, layiqli işlə təmin olunması sahəsində dəstək olur.”
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Caidev Sinqx isə qeyd edib ki, qadınların iqtisadi səlahiyyətlərinin artırılması ölkənin ümumi inkişafına töhfə verə biləcək ən mühüm vasitələrdən biridir.
“USAID qadınların biznes və peşəkar assosiasiyalarının və sahibkarlıq potensialının inkişafını dəstəkləyir və iqtisadi islahat proqramlarının önə sürmək üçün onların biznes və iş yerlərində əhəmiyyətini təbliğ edir. Qadınların iqtisadi imkanlarının genişləndirilməsi haqqında danışarkən, maliyyə və bilik də daxil olmaqla, resurslara bərabər çıxış və nəzarətdən, həmçinin kişilərlə bərabər layiqli işlərə və ümumi məşğulluğa çıxışdan danışırıq. Biz inanırıq ki, qadın sahibkarlar milli iqtisadiyyatın mühüm aparıcı gücü ola bilərlər", - o qeyd edib.
Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib