19 may 2022 02:37
915

Əhalinin nominal gəlirləri artır: Bəs real qazancları necə?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 19,5 faiz artaraq 20 milyard  463,2 milyon manat təşkil edib. Bu dövrdə ölkədə adambaşına düşən nominal gəlir isə 19,1 faiz artaraq 2 038 manata çatıb.

Maraqlıdır, görəsən əhalinin gəlirləri nələrin hesabına artıb?

Məlum olan budur ki, 2022-ci ilin təkcə  yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri neft-qaz sektorunda 754,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 754,8 manat, özəl müəssisələrdə isə 872,6 manat olub.

Ölkə üzrə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində olmaqda davam edir. Burada orta aylıq nominal əməkhaqqı 3 488 manat təşkil edib. Dövlət sektorunda bu göstərici 2 051,9 manat, qeyri-dövlət sektorunda isə 4 382,8 manat olub.  Ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda qeydə alınıb. Bu sektorda orta aylıq nominal əməkhaqqı 477,2 manat olub. Dövlət sektorunda ən az əməkhaqqı inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində (433,9 manat), qeyri-dövlət sektorunda isə sosial təminat (379,3 manat) sahəsində olub.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artırılaraq 1 milyard 249,7 milyon manata çatdırılıb. Vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 364,4 manat təşkil edib.

Əhalinin banklardakı əmanətlərindən nə qədər gəlir əldə etdiyi məlum olmasa da onların vəsaitləri il ərzində 27,3 faiz artaraq 2022-ci il aprel ayının 1-nə milli valyuta ekvivalentində 10 milyard 372 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, əmanətlərin 57,7 faizi milli, 42,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 7 faiz artıb.

Gəlirlərin artımı inflyasiyanı üstələyə bilibmi?

Rəsmi statistikaya görə, yanvar-aprel aylarında orta inflyasiya 12,4 faiz, aprel ayında 13 faiz təşkil olub. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 112,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib. Cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, əvvəlki ilin aprel ayına nisbətən 113 faiz olub. Bu o deməkdir ki, yanvar-aprel aylarında əhalinin gəlirlərinin nominal artımı bu dövrdəki orta inflyasiya göstəricisini üstələyib, real gəlirlər 7,1 faiz artıb. Lakin əməkhaqqı və pensiyalar üzrə vəziyyət bir qədər fərqlidir.

Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə əhalinin gəlirlərinin inflyasiyanı üstələdiyini qeyd etsə də inflyasiya göstəricisinin yüksək olmasını vurğulamışdı : “Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir…Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir”.

Ceyhun Piriyev, “İki sahil”