Azərbaycana avtomobil idxalı azalıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında idxal edilən avtomobillərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 498 ədəd və ya 2,1 faiz az olub. Azalma aprel ayının hesabına olub. Həmin ay ölkəyə 6254 avtomobil gətirilib ki, bu da ötən ilin eyni ayı müqayisədə 2061 ədəd və ya 24,8 faiz azdır.
Saydakı azalmaya baxmayaraq ölkəyə gətirilmiş avtomobillərin dəyəri artıb. Ötən ilin 4 ayında Azərbaycana idxal edilmiş avtomobillərin dəyəri 244 milyon 577 min dollar idisə cari ildə bu rəqəm 49 milyon 340,56 min dollar və ya 20,2 faiz artaraq 293 milyon 917,56 min dollar təşkil edib. Ötən il 1 avtomobilin orta qiyməti 10 253 dollar olmuşdusa bu il bu rəqəm 12 584,24 dollara yüksəlib. Həmçinin aprel ayında ölkəyə gətirilmiş avtomobillərin dəyəri 17,2 faiz artaraq 104 milyon 562,76 min dollar olub.
Avtomobil idxalının strukturu ilə tanış olanda bəlli olur ki, hesabat dövründə minik və yük avtomobillərin sayında azalma olsa da avtobus, hibrid və elektrik mühərrikli, xüsusi təyinatlı avtomobillərin sayında artım olub.
Say etibarilə idxalı ən çox azalan yalnız daxili yanma mühərrikli minik avtomobillər olub. Həmçinin 1 ədədinin də orta qiyməti azalan bu avtomobillərin idxalda xüsusi çəkisi həm say, həm də dəyər baxımından azalıb. Belə ki, avtomobillərin sayı 17 326 təşkil edib ki, bu da ötən illə müqayisədə 1793 və ya 9,4 faiz azdır. Bu il ölkəyə gətirilmiş belə avtomobilin bir ədədinin orta qiyməti 10 078 dollar olub. Ötən il bu rəqəm 10 028 dollar idi. Nəticədə cari ilin 4 ayında ötən ilin eyni dövrünə nisbətən belə nəqliyyat vasitələrinin avtomobil idxalında xüsusi çəkisi say müstəvisində 80 faizdən 74,2 faizə, dəyər müstəvisində 78,4 faizdən 59,4 faizə enib.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı isə 5,4 dəfə artıb. Ötən il ölkəyə idxal edilmiş bir ədəd belə nəqliyyat vasitəsinin orta qiyməti 102 601 dollar olmuşdusa cari ildə bu göstərici 49,2 faiz artaraq 153 064 dollara yüksəlib. Bu nəqliyyat vasitələrinin idxalının dəyəri 31 milyon 915 min dollar və ya 8 dəfə artaraq 36 milyon 429 min dollara çatıb.
Daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, yəni “hibrid”lərə gəlincə, cari ilin 4 ayında ölkəyə gətirilmiş belə avtobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,2 faiz artıb. Ötən il ölkəyə gətirilmiş belə avtobillərin 1 ədədinin orta qiyməti 5 884 dollar olmuşdusa cari ildə bu rəqəm 49 faiz artaraq 8 768 dollara çatıb. Bununla da “hibrid” avtomobillərin idxalının dəyəri 19 milyon 938,35 min dollar və ya 2,2 dəfə artıb.
Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 4 dəfəyə yaxın artıb. Bu il ölkəyə gətirilmiş belə vasitənin 1 ədədinin orta qiyməti 31 741 dollar, ötən il isə 39 492 dollar olub. Hesabat dövründə bu qrupdan olan ixracın dəyəri 1 milyon 972,34 min dollar və ya 3,1 dəfə artaraq 2 milyon 910,15 dollar olub.
Bu dövrdə ölkəyə gətirilmiş yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin sayı 377 və ya 20,7 faiz azalıb, 1 ədədinin orta qiyməti isə 56 faiz artıb. Nəticədə belə avtomobillərinin idxalının dəyəri 5 milyon 959,25 min dollar və ya 23,7 faiz artaraq 31 milyon 124,7 min dollar təşkil edib. Eyni zamanda, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin sayı 2,4 dəfə artıb, qiyməti 10 faiz azalıb. Nəticədə belə nəqliyyat vasitələrinin idxalının dəyəri 6 milyon 653,9 min dollar və ya 2,2 dəfə artıb.
Bununla da cari ilin yanvar-aprel aylarında ölkəyə gətirilmiş avtomobillərin sayı azalsa da dəyərinin artması, idxalda əsasən avtobus və “hibrid” mühərrikli nəqliyyat vasitələrinin qiymətinin və sayının artması ilə bağlıdır. Ümumilikdə avtomobil idxalının dəyəri ümumi idxalın 7,27 faizinə bərabər olmaqla məbləğinə görə ancaq buğdadan geri qalır.
Ceyhun Piriyev, “İki sahil”