27 may 2022 00:21
1205

Kartlarla aparılan əməliyyatlar: Nağdsız ödənişlər də artıb, nağd pulun çıxarılması da

Mərkəzi Bankın məlumatına görə, ölkədaxili nağdsız əməliyyatların həcmi cari ilin 4 ayında  keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. Bu dövrdə kartlar vasitəsilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 6 milyard 32 milyon manat təşkil edib.  Həyata keçirilən nağdsız ödənişlərin 4 milyard 448 milyon manatı və ya 73,75 faizi elektron ticarətin, 1 milyard 575 milyon manatı və ya 26,1 faizi POS-terminalların, 9 milyon manatı və ya 0,15 faizi ATM-lərin payına düşüb.

Ən böyük artım elektron ticarət üzrə qeydə alınıb. Yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə ödənişlərin dövriyyəsi 2,8 dəfə artıb. Həmçinin POS-terminallar üzrə artım 40 faiz olub. ATM-lər üzrə isə 43,75 faiz azalma olub.

Nağdsız ödənişlərin artmasının səbəblərindən biri ödəniş kartlarının sayının artmasıdır. Belə ki, bank sistemi üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,2 faiz artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 18,8 faiz, kredit kartları üzrə 30,7 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.

Ancaq kartlarla təkcə nağdsız əməliyyatlar deyil, nağd pulun çıxarılması əməliyyatları da artıb. Belə ki, bu ilin 4 ayında 9 milyard 182 milyon manat kartlardakı pulun nağdlaşdırılması əməliyyatı aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz çoxdur. Vəsaitlərin 95,4 faizi ATM-lər vasitəsilə nağdlaşdırılıb. 

Ümumilikdə, cari ilin 4 ayı ərzində nağd pulun çıxarılması əməliyyatlarının  dövriyyəsi ümumi ölkədaxili əməliyyatların 60,35 faizini təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 73 faiz, 2020-ci ilin müvafiq dövründə 78 faiz, 2018-ci ilin yanvar-aprel aylarında isə 83 faiz olmuşdu.

Qeyd edək ki, ölkədə nağdsız ödənişlərin inkişafı məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Proqram vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsini, nağd dövriyyənin həcminin minimuma endirilməsini və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsini təmin etməli idi. Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcminin təqribən 17 milyard manat artacağı gözlənilirdi. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcəyi anlamına gəlir. Nəticədə bütövlükdə iqtisadi əməliyyatlarda nağd ödənişlərin payının 40 faizə qədər azalacağı proqnozlaşdırılmışdı.

Proqramın icrası çərçivəsində təsərrüfat subyektlərinə və istehlakçılara nağdsız qaydada aparılan əməliyyatlar üzrə müddətli vergi güzəştlərinin verilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulmuşdu. Bunlardan biri Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələrinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların və hüquqi şəxslərin büdcəyə ödənilməli olan gəlir və mənfəət vergisinin məbləğinin 2019-cu ildən etibarən  3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılmasıdır.

Həmçinin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizmdə (“ƏDV geri al”) nağdsız ödənişlər üçün üstünlük nəzərdə tutulub. Belə ki, nağd ödənişlərdə ƏDV-nin 10 faizi geri qaytarılırsa, nağdsız ödənişlərdə bu göstərici 15 faizdir.  

Ceyhun Piriyev, “İki sahil”