Son illər ərzində həyata keçən enerji layihələri ilə ölkəmizin enerji ixracatı dəfələrlə artıb. Müstəqilliyin ilk illərində enerji təhlükəsizliyini təmin etməkdə çətinliklər olduğuna görə Xəzər dənizi hələ əməkdaşlıq məkanına çevrilməmişdi. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin, ondan sonra isə Prezident İlham Əliyevin enerji istehsalına və bu sahədə əməkdaşlığa yönəlik səmərəli addımları Azərbaycanı əhəmiyyətli enerji ixracatçısına çevirdi.
İlk vaxtlar bu ixracatın əsas hissəsi neft-qaz sektorunda olub və əvvəllər regional miqyaslı olsa da, hazırda özünün qlobal xarakteri ilə fərqlənir. Bu məqsədlə neft hasilatını beynəlxalq bazara çatdırmaq üçün mühüm işlər görülüb. Dünyanın aparıcı enerji şirkətləri və xarici investitorlarla əməkdaşlıq genişlənib. Bu illər ərzində müxtəlif neft və qaz yataqlarının istifadəyə verilməsi və əldə olunan enerjinin daşıyıcı xətlərlə dünya bazarına çıxarılması həqiqətən də bu sahədəki böyük uğurlarımızın göstəricisidir.
Prezident İlham Əliyevin "XXI əsrin boru kəməri" adlandırdığı Cənub Qaz Dəhlizinin tamamlanması isə Azərbaycanın enerji istehsalçısı kimi qüdrətini artırıb. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət vahid sistemidir. Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. Bu rəqəm kifayət qədər böyük hesab olunur. Hələ yaxın illərdə bu sistemin genişlənəcəyi gözənilir. Bundan əlavə TAP, TANAP və Cənubi Qafqaz boru kəmərlərinin də genişlənəcəyi gözlənilir.
Qlobal enerji layihələri və rasional enerji diplomatiyası Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət edir. Statistika üçün deyək ki, ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib. Gözlənilir ki, bu il bu rəqəm 24 milyard kubmetr olacaq. Növbəti illərdə bu hasilatın daha da artacağını proqnozlaşdırmaq olar. Qaz nəqlində tamamilə müasir infrastrukturdan istifadə etmək hasilatın artmasına böyük təkan verir. Neft-qaz istehsalı ilə paralel olaraq Azərbaycan həm də elektrik enerjisi istehsalçısıdır. Əvvəllər yalnız 4 qonşu dövlətə elektrik enerjisi icrac olunurdusa, hazırda Azərbaycanın istehsal etdiyi elektrik enerjisi Avropa enerji bazarlarına çıxmağın astanasındadır. Bu baxımdan həm dünyanın güc mərkəzləri, həm də beynəlvalq maliyyə təsisatları Azərbaycana dəstəkdir. Şübhəsiz ki, bütün bunlar ölkəmizin güclənməsinə, vətəndaş rifahının, həyat səviyyəsinin yüksəlməsinə görə görülən işlərdir və hər bir Azərbaycan vətəndaşı üçün qürurdur.
Səbinə Novruzzadə,
İctimai fəal