Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir. Azərbaycan dövləti bu gün uğurla reallaşdırdığı beynəlxalq təşəbbüslər, yerinə yetirdiyi tarixi əhəmiyyətli layihələr, dünyada sülh və sabitliyin möhkəmlənməsinə verdiyi töhfələrlə qlobal təhlükəsizlik və inkişaf sistemində mühüm yer tutur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir.
Azərbaycanda enerji təhlükəsizliyi sisteminin arxitekturası 1970-ci illərin əvvəllərində Azərbaycan Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmışdır.1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin ilk işlərindən biri vaxtilə bünövrəsini qoyduğu enerji təhlükəsizliyi sistemini düşdüyü ağır vəziyyətdən xilas etmək oldu. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ildə Ümummilli Liderin qətiyyəti, güclü daxili və xarici siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda, neftayırma zavodlarının yenidən qurulmasına başlandı.
Bu gün ölkəmizdə enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının təməl prinsiplərindən biridir. Ölkəmiz öz enerji resurslarını dünya bazarına çıxarmaqla yanaşı bölgədə əsas tranzit ölkəsi kimi də çıxış edir. Xəzərin enerji ehtiyatlarının Avropa üçün əsas alternativ enerji mənbəyinə çevrilməsi Azərbaycanın mövqelərini və Qərblə əməkdaşlığını daha da möhkəmləndirib. Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir.
Bu gün artan iqtisadi inkişafımız milli elektrik enerjisi sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət proqramlarının icrası nəticəsində daxili enerji tələbatının ödənilməsi ilə bərabər Azərbaycanda elektrik enerjisinin ixracına nail olunub. Enerji təhlükəsizliyi tam təmin edilib.
Günay Mehrəliyeva,
YAP Masallı rayon təşkilatı Türkoba məktəb ərazi partiya təşkilatının sədr müavini