06 iyun 2022 23:29
1048

Dövlət büdcəsinə dəyişiklik: Hansı sahələrə ayrılmış vəsait artırıla bilər?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonuna səfəri zamanı ölkə iqtisadiyyatının mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə  müvafiq tapşırıq verdiyini bildirmişdi. Həmin tapşırığa uyğun olaraq iyunun 4-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin yaydığı məlumata görə, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması və digər cari məsələlər geniş müzakirə olunub. İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. 2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 10 milyard 687,6 milyon manat vəsait daxil olub, büdcədən 8 milyard 168,7 milyon manat vəsait xərclənib, büdcənin icrasında 2 milyard 518,9 milyon manatlıq profisit yaranıb. Belə ki, təkcə birinci rübdə dövlət büdcəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən 538,9 milyon manat və ya 23,8 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə isə proqnoza nisbətən 236 milyon manat və ya 23,7 faiz çox vəsait daxil olub. Vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan verib. Aprel ayında isə büdcədə 1 milyard 138,8 milyon manat artıq vəsait yaranıb. 

Bəs, hansı sahələrə ayrılmış vəsait artırıla bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılmasının nəzərdə tutulması mümkündür.

Deputat Elman Nəsirov da “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, azad olunmuş ərazilərə daha çox vəsait ayrılmasına ehtiyac var. Həmçinin müdafiə, təhlükəsizlik xərcləri daha da artırılmalıdır. Onun sözlərinə görə, nə qədər ki, Ermənistanda revanşist qüvvələr var, hərbi və təhlükəsizliklə bağlı xərclər çox olmalıdır.

Prezident İlham Əliyev sözügedən səfəri zamanı çıxışında işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən bəhs edərək bunun böyük proses olduğunu və yalnız dövlət büdcəsi hesabına həyata keçirildiyini bildirib. Bu baxımdan dövlət investisiya proqramı təsdiq olunsa da  ona əlavələr də ediləcəyini vurğulayan Prezident büdcədə dəyişiklik ediləcəyini bəyan edib: “Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək… Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik”.

Ceyhun Piriyev, “İki sahil”