14 iyun 2022 00:13
754

Turizm sektoru: Biz çox xərcləmişik, yoxsa əcnəbilər?

Azərbaycan Mərkəzi Bankı cari ilin birinci rübü üçün tədiyyə balansını açıqlayıb. Məlum olub ki, bu dövrdə ölkənin qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2,9 dəfə artaraq 318 milyon dollar təşkil edib.

Lakin dövriyyənin artması vəziyyəti xeyrimizə dəyişdirməyib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (196,8 milyon dollar) ixracı (121,3 milyon dollar) üstələməsi nəticəsində 75,5 milyon dollar həcmində kəsir yaranıb. Belə ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşları ölkəmizə gələn əcnəbi vətəndaşlardan daha çox pul xərcləyiblər. Azərbaycan vətəndaşlarının xaricdə xərclədikləri vəsaitlərin 82,9 faizi şəxsi səfərlərlə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

2021-ci ilin 1-ci rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 110,8 milyon dollar təşkil etmişdi. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84,7 milyon dollar) ixracı (26,1 milyon) üstələməsi nəticəsində 58,6 milyon dollar həcmində kəsir yaranmışdı. Bununla da ötən ilin birinci rübü ilə müqayisədə cari ilin eyni dövründə turizm xidmətləri üzrə ixracımızın artım tempi (4,6 dəfə) idxalımızı (2,3 dəfə) üstələsə də kəsir 1,3 dəfə artıb.  

Bəs, bizə çox gəlirlər, yoxsa biz çox gedirik?

Səbəblərə gəlincə, məlum olan budur ki, Azərbaycan vətəndaşları xaricə daha çox üz tutur, nəinki əcnəbilər ölkəmizə. Cari ilin birinci rübündə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı (2,7 dəfə) ölkəmizə gələn xarici vətəndaşların sayından daha çox (2,1 dəfə) artıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 149 ölkəsindən 246,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 24,7 faizi Türkiyə, 14,4 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Ukrayna, hər birindən 3,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Pakistan, 1,6 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, hər birindən 1,2 faiz olmaqla Hindistan və Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla  Almaniya və Oman, hər birindən 0,7 faiz olmaqla Belarus və ABŞ, hər birindən 0,6 faiz olmaqla İsrail və Özbəkistan, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Bu dövrdə ölkəmizə səfər edənlərin 72,3 faizini qonşu ölkələrdən gələnlər təşkil ediblər.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 649 dəfə, Səudiyyə Ərəbistanından 168,5 dəfə, Küveytdən 167,1 dəfə, Bəhreyndən 50,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 47,7 dəfə, Pakistandan 29,5 dəfə, Hindistandan 11 dəfə, İsraildən  6,3 dəfə, ABŞ-dan 5,6 dəfə, Qazaxıstandan 3,6 dəfə, Fransadan  3,5 dəfə, Ukraynadan 3 dəfə, Böyük Britaniyadan 2,2 dəfə, İrandan  1,9 dəfə, Türkiyədən  1,9 dəfə, Rusiyadan  1,7 dəfə, Gürcüstandan 14,9 faiz artıb.

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3 dəfə artaraq 58,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər olub.

Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı isə 298,5 min nəfər olub. Ölkə vətəndaşlarının 44,5 faizi Türkiyəyə, 18,7 faizi Rusiya Federasiyasına, 12,9 faizi İrana, 8 faizi Gürcüstana, 15,9 faizi digər ölkələrə səfər edib. Buradan məlum olur ki, xaricə gedən Azərbaycan vətəndaşlarının 84,1 faizi qonşu ölkələrə üz tutublar. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artıb.

Ceyhun Piriyev, “İki sahil”