Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 365,5 mln. manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 18,4% azalıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 40,3% artıb, avtomobil benzininin istehsalı 19,2%, sürtkü yağlarının istehsalı 25,3%, dizel yanacağının istehsalı 33,4%, neft kimya sənayesində istifadə üçün benzin istehsalı 36,7%, neft koksunun istehsalı isə 44,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb