Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikası hökumətinin mühüm vəzifələrindən sayılır.
Ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır.
Azərbaycanda qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar mövcud normativ-hüquqi aktların və maddi-texniki bazanın təkmilləşdirilməsinə, nəzərəçarpan nailiyyətlər əldə olunmasına geniş imkanlar yaradıb. İndiyədək ölkədə ərzaq təminatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli Sərəncamı ilə 2001–2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmçinin bu islahatların davamı olaraq məqsədli proqramlar, konsepsiyalar və digər sənədlər qəbul olunub.
Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Həmçinin agentliyin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb.
Hazırda ölkəmizdə aidiyyəti qurumlar tərəfindən ərzaq təhlükəsizliyinə qarşı uğurla mübarizə aparılır. Dünya əmtəə bazarlarında ərzaq məhsullarının kəskin bahalaşması əksər ölkələrdə inflyasiyanın sürətlənməsi ilə müşayiət olunmaqla yanaşı, makroiqtisadi sabitliyə mənfi təsiretmə risklərini də artırıb. Ötən ilin ikinci yarısından qlobal inflyasiyanın xərc amillərinin aktivləşməsi, eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrdə qiymət artımı respublikamıza idxal olunan məhsulların bahalaşmasında öz əksini tapıb. Bu səbəbdən il ərzində inflyasiyanın artaraq hədəflənən səviyyəni üstələməsi onun iqtisadi fəallığa və əhalinin sosial rifahına mənfi təsirlərinin azaldılması istiqamətində tədbirlər görülməsini zəruri edib.
Belə bir şəraitdə ölkəmizdə makroiqtisadi sabitlik naminə dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təsirləri azaldılmalı və əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır. Cari ilin birinci rübündən Azərbaycan hökumətinin qarşısındakı ən prioritet məsələlərdən biri də qiymət artımlarına qarşı mübarizə və antiinflyasiya tədbirlərinin gücləndirilməsidir. Bu hədəfə çatmaq üçün qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində mühüm işlər görülür.
Dünya və region bazarlarındakı qiymət artımları idxal inflyasiyasını aktivləşdirir. Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə də inflyasiya səviyyəsinin birinci rüb üçün ikirəqəmli olması qeyd olunur. Xüsusən istehlak bazarında aparılan monitorinqlər göstərir ki, ölkəmizdə süni şəkildə qiymətlərin artırılması tendensiyası bu ilin birinci rübündə də özünü göstərib. Bu kontekstdən hökumət antiinflyasiya tədbirlərini daha da gücləndirib. Dövlət tərəfindən sahibkarlığın təşviqi ilə bağlı yeni mexanizmlər tətbiq edilməyə başlanılıb. Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan istehsal və emalın güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda, həmin məhsulların emalı üçün subsidiyanın verilməsi ilə bağlı qərar qəbul edib. Bu da xərcin azaldılması baxımından vacibdir.
Ölkədə sahibkarlığa dövlət dəstəyi daha da artırılıb. Məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanılması, qlobal bazarda baş verən qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdan ibarətdir. Sahibkarlar tərəfindən də sosial korporativ məsuliyyətin nümayiş etdirilməsi və süni qiymət artımlarına gedilməməsi çox vacibdir.
Cavid Əkbərov, “İki sahil”
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb