Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 552,07 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73,9 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon dolları ixracın, 5 milyard 135,56 milyon dolları isə idxalın payına düşüb. Bununla da ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 7 milyard 989,22 milyon dollar və ya 2,1 dəfə, idxal isə 742 milyon 678 min dollar və ya 16,9 faiz artıb.
Maraqlıdır, görəsən ixrac hansı məhsulların hesabına bu səviyyədə artıb?
Yanvar-may aylarında neft-qaz sektoru üzrə ixracın dəyəri 14 milyard 228, 443 milyon dollar neft-qaz sektoruna aid olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 milyard 708,7 miıyon dollar və ya 2,2 dəfə çoxdur. Bu dövrdə xam neft ixracının dəyəri 3 milyard 131,5 milyon dollar və ya 63,55 faiz, təbii qaz ixracının dəyəri isə 4 milyard 659 milyon dollar və ya 4,5 dəfə artıb.
Tərkibində neft və ya neft məhsullarının miqdarı 70 faiz və ya daha çox olan məhsulların ixracı isə əksinə, 87 milyon dollar və ya 37,8 faiz azalıb.
Bununla belə, xam neft və təbii qazın ixracının dəyərində kəskin artıma baxmayaraq həcmində ciddi artım olmayıb. Hətta xam neft ixracının həcmində azalma qeydə alınıb. Belə ki, yanvar-may aylarında neft ixracı 4,5 faiz azalıb, təbii qaz isə 3,1 faiz artıb. Bu da ixracın dəyərinin artmasının əsasən bu əmtəələrin dünya bazarlarında qiymətinin artması ilə bağlı olmasından xəbər verir.
Qeyri-neft ixracının dəyərinə gəlincə, 5 ayda bu göstərici 280 milyon 509 min və ya 30,9 faiz artıb. Bu sektorun ümumi ixracın dəyərinin artımında payı 3,5 faiz təşkil edib.
Nəticədə cari ilin 5 ayında ixracın 92,29 faizi neft-qaz, 7,71 faizi isə qeyri-neft-qaz sektorunun payına düşüb. Müqayisə üçün deyək ki, ötən ilin eyni müddətində neft-qaz sektorunun ixracda payı 87,78 faiz, qeyri-neft-qaz sektorunun payı isə 12,22 faiz olmuşdu. Hesabat dövründə ixracda xam neftin payı 66,34 faizdən 52,27 faizə, neft məhsullarının payı 3,1 faizdən 0,93 faizə enib, təbii qazın payı isə 17,98 faizdən 38,89 faizə yüksəlib.
İxracın artması dövlət gəlirlərinə necə təsir edib?
Bu dövr üzrə hələ ki yalnız Dövlət Neft Fonduna daxil olan neft-qaz gəlirlərinin məbləği açıqlanıb. Fondun yaydığı məlumata görə, cari ilin yanvar-may aylarında quruma “Azəri-Çıraq Günəşli” yataqlar blokundan 3 milyard 828 milyon ABŞ dolları daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Ötən ilin ilk 5 ayında Fonda bu mənbə üzrə 1 milyard 850,2 milyon dollar daxil olmuşdu.
“Şahdəniz” yatağından təbii qazın satışı üzrə 382 milyon dollar daxil olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 76 dəfəyə qədər çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında analoji göstərici 5 milyon 45 min dollar olmuşdu. Həmçinin hesabat dövründə Neft Fondu “Şahdəniz” yatağı üzrə kondensatın satışından 144 milyon 522 min ABŞ dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artım deməkdir. Ötən ilin yanvar-may aylarında Fonda kondensat satışından 57 milyon 131 min dollar gəlir daxil olmuşdu.
Ceyhun Piriyev, “İki sahil”
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb