27 iyun 2022 13:39
1205

Üzeyir Hacıbəylinin ev-muzeyində Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert FOTO

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü ərəfəsində Süleyman Ələsgərov adına Bakı Şəhər  1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano sinfinin müəllimi Sevda Qurbanzadənin rəhbərliyi ilə  bu məktəbin şagirdləri Üzeyir Hacıbəylinin ev-muzeyində geniş konsert proqramı ilə çıxış ediblər. 

“İki sahil” xəbər verir ki,  konsertdən əvvəl çıxış edən muzeyin direktoru, Xalq artisti, Azərbaycanın Fəxri mədəniyyət işçisi, bəstəkar Sərdar Fərəcov xalqımızın artıq ikinci ildir  Silahlı Qüvvələr Gününü tarixi Zəfərimizin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində, xüsusi təmtəraqla bayram etdiyini diqqətə çatdırıb: “Belə bir əlamətdar gün ərəfəsində Süleyman Ələsgərov adına Bakı Şəhər  1 saylı Uşaq İncəsənət Məktəbinin şagirdlərinin  dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev-muzeyində konsert proqramı ilə çıxış etmək təşəbbüsünü yüksək qiymətləndirir, bunun üçün məktəbin rəhbərliyinə və sizin hər birinizə təşəkkür edirəm.”

Bayram konserti şagirdlərin ifasında musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın olan Azərbaycanın Dövlət Himninin səsləndiriulməsi ilə başlayıb. Böyük uğurla keçən konsert zamanı Uşaq İncəsənət Məktəbinin şagirdləri görkəmli dünya və Azərbaycan  bəstəkarlarının əsərlərini  ifa ediblər.