Əvvəlki illərdə olduğu kimi, Astara camaatı boş vaxtlarında kitab oxumağa daha çox maraq göstərir. Həm də rayonda kitabla bağlı vaxtaşırı olaraq müxtəlif tədbirlər keçirilir. Son günlər isə Astara Dənizkənarı Park-Bulvarına gələnlərə səyyar kitabxana da xidmət göstərir. Burada əsas məqsəd rayonda fəaliyyət göstərən bilik ocaqlarına oxucu cəlb etməkdən ibarətdir. Səyyar kitabxananın daha bir əhəmiyyəti ondadır ki, kitabı özünə yaxın dost bilənlər burada yeni nəşr olunan əsərlərlə də tanış ola bilirlər.
Qeyd edək ki, səyyar kitabxana xidməti zamanı tarixə, xalqın milli-mənəvi dəyərlərinə, bədii ədəbiyyatımıza, mədəniyyətimizə və xalq, eləcə uşaq ədəbiyyatına dair kitablara üstünlük verilir.
İndi bir neçə ildir Astara rayon Mərkəzi Kitabxanası bu cür layihələrin təşkili və təşviqində fəallıq göstərir, onların bu nəcib təşəbbüsü rayon sakinlərini ürəkdən sevindirir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü