07 iyul 2022 19:18
895

Adı tarixə düşənlər... - FOTO

Xalqımıza zəfər sevincini yaşadan 44 günlük  İkinci Qarabağ müharibəsində qəhrəmanlıq dastanı yazan  şəhid polkovnik-leytenant  İqbal Əhmədağa oğlu  Bayramov Lənkəran rayonunun Hirkan qəsəbəsində dünyaya göz aşmışdı. İndi adı dillərdən düşməyən   Vətən  sevdalısı doğma Azərbaycanı, öz xalqını ilahi bir məhəbbətlə sevirdi.  Elə onu Vətən naminə şəhidlik zirvəsinə aparan da bu ilahi bağlılıq oldu. O, müharibə başlanan ilk gündən savaş meydanına atılır, oktyabrın 5-də Cəbrayıl döyüşlərində düşmənlə son nəfəsə qədər mübarizə aparıb əbədiyyətə qovuşur.  Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”,  “İgidliyə görə” medalları ilə təltif olunur.

Lənkəran eli öz qəhrəman oğlunun adını həmişə uca tutur. Harada bir günəş müqəddəsliyi var, mərd igidin ruhu orada dolaşır. Evlərinin ən yaraşıqlı yerində onun şəkilini asıblar. Hirkan qəsəbəsində  İqbal  Bayramovun xatirəsinə bulaq da ucaldıldı.  Doğum gününə təsadüf edən bulağın  açılış lentini Lənkəran Şəhər İcra Hakimiyyətin başçısı Taleh Qaraşov şəhidin atası Əhmədağa Bayramovla birgə kəsdilər. Sonra rayon İcra aparatının rəhbər işçilərin, partiya  nümayəndələrin, şəhidin ailə üzvlərin, müharibə veteranların, rayon ictimaiyyətin, respublikanın müxtəlif yerlərdən gələn qonaqların  qatıldığı  tədbirdə  Dövlət Himni oxundu və  əzəli əbədi yurd yerimiz  olan Qarabağın  azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla  anıldı.

T.Qaraşov çıxış edərək bildirib ki, şanlı tariximizin unudulmaz səhifəsinə çevrilən İkinci Qarabağ müharibəsində Vətənin  igid oğulları özlərini fəda etməklə misilsiz qəhrəmanlıq nümunəsi göstərdilər: “Müqəddəs bir yolda şəhid olanların  xatirəsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında böyük əhəmiyyətə daşıyır. Haqq savaşımızda düşmənlə qorxmadan üz-üzə  dayanan, ölümə meydan oxuyanlar məhz gənc nəslin nümayəndələri idilər.  Onların arasında Lənkəranlı gənclərin də olması qürur vericidir.  Vətən oğlanların döyüş meydanında göstərdikləri şücaətlər gələcək nəsillərin yetişməsində əbədi nümunə olaraq qalacaqdır. Onu da bildirim ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da  şəhidlərin  xatirəsinin yad edilməsi mütəmadi şəkildə həyata keçirilir.”

Şəhidin atası Əhmədağa Bayramov  isə  öz çıxışında şəhid ailələrinə, müharibə iştirakçılarına  olan qayğı və diqqətə görə  dövlətimizin başçısı  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını bildirməklə bərabər dedi ki, oğlum Vətən torpaqların azadlığı uğrunda özünü fəda edib. O, indi nəinki övladlarına, ailəsinə, doğmalarına, bütün Azərbaycan  xalqına əzizdir.  Əməlləri  mənə  qürur gətirir. Aylar, illər ötsə belə  Vətəndən oğul adını qazanan  İqbal daim qəlblərdə yaşayacaq.  Oğlumun adına görülən işlərə görə hamıya minnətdaram.

Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərə həsr olunan şerlər, qəhrəmanlıq nəğmələri  yerinə düşdü.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü